Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1057/2022 13.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 354-723-1193-25180 və 354 *** ** ** 25 88 İMEİ kodlu Samsung Galaxy 10S (SM-107) markalı mobil telefonunu və yaxud 300 manat pul məbləğini cavabdehdən alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, əvvəllər tanıdığı şəxs Cavabdeh X3 telefon alqı-satqısı ilə məşğul olur. O, 26 aprel 2021-ci il tarixdə özünə məxsus dəyəri təxminən 300 manat olan Samsung Galaxy 10 S (sm-107) İMEİ kodu 354- 723-1193-25180 354-724-1193-25188 olan mobil telefonu cavabdehə Mərkəzi Univermağın 1-ci mərtəbəsində telefon alqı-satqısı olan yerdə 130 manata satmış, cavabdeh ona həmin gün 50 manat pul vermiş qalan pulu isə sabahı gün verəcəyinə inandırmışdır. Telefonu satan zaman onların yanında başqa şəxs olmamışdır. O, 27 aprel səhər saatlarında Univermağa getmiş, cavabdeh orada olmadığı üçün onun mobil nömrəsinə zəng etmiş, lakin onun mobil nömrəsinə zəng çatmamışdır. Cavabdeh onun etibarından sui istifadə etmiş, ona olan 80 manat borcunu qaytarmamışdır. O, aldadıldığı barədə Gəncə şəhər Nizami rayon polis idarəsinə müraciət etmiş, müraciəti nəticəsiz qaldığı üçün DİN rəhbəri Vilayət Eyvazovun ünvanına da müraciət etmiş, onun ərizəsi baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat şöbəsinə göndərilmiş və cavabdehin həqiqətən də ona borcu olması müəyyən edilmişdir. O, telefonu satdığı vaxtdan bir il keçdiyi müddətdə əlavə maddi ziyan da çəkmişdir. Həmçinin satdığı telefonun təzəsinin dəyəri 300 manat təşkil edir. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Natəvan 2 qəsəbəsi, V.Sokolov küçəsi, ev 20-də yaşayan İddiaçı ona məxsus olan “Samsung A 10 S” markalı mobil telefonu, X2 130 manata Gəncə şəhəri Gülüstan qəsəbəsi bina 4, mənzil 19-da yaşayan Cavabdeh satmış, Cavabdeh mobil telefonun pulunun 50 manatını İddiaçı vermiş, qalan 80 manatı verməmişdir. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasındakı pul mübahisəsi, mülki mübahisə olmaqla araşdırmanın predmedmeti məhkəmə orqanları səlahiyyətlərinə aiddir. Belə olan halda İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi əlamətləri oladığına görə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iddiaçının təqdim etdiyi sübutlara əsaslanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 537-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İşin faktiki hallarından görünür ki, tərəflər arasındakı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı satdığı 354-723-1193-25180 354 *** ** ** 25 88 İMEİ kodlu Samsung Galaxy 10S(SM-107) markalı mobil telefonunu cavabdehə vermiş, lakin cavabdeh hissəhissə ödəmək şərti ilə nisyə aldığı həmin malın dəyərini tam ödəməyərək öhdəliyinə tam əməl etməmişdir. Buna görə də iddiaçının verdiyi malın ödənilməsini və ya geri qaytarılmasını cavabdehdən tələb etmək hüququ vardır. Bununla belə iddiaçı cavabdehdən satdığı telefon üçün 300 manat tələb etsə də, işin faktiki hallarından görünür ki, mübahisəli telefon cavabdehə 130 manata satılmış və həmin pulun 50 manatı iddiaçıya ödənilmişdir. Həmçinin iddiaçı 1 il ərzində əlavə maddi ziyana düşdüyünü bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 354-723-1193-25180 və 354 *** ** ** 25 88 İMEİ kodlu Samsung Galaxy 10S(SM- 107) markalı mobil telefon və ya 80 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 10 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 354-723-1193-25180 və 354 *** ** ** 25 88 İMEİ kodlu Samsung Galaxy 10S (SM-107) markalı mobil telefon və ya 80 (səksən) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 (on) manat məbləğində hissəsi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1057/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1057/2022
13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver