Məhkəmə qərarları › İş №2(044)-1060/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1060/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1060/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 3500 ABŞ dolları borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı onun oğludur və onun oğlunun cavabdehlə çox yaxın münasibəti olmuş, cavabdehə həmişə etibar etmişdir. 2018-ci may ayında cavabdeh iddiaçıya bildirmişdir ki, onun qardaşı Rzanı tutublar ona görə də ona təcili 3500 ABŞ dolları pul lazımdır. İddiaçının özündə 3500 ABŞ dolları olmadığı üçün başqa adamdan borc alacağını demişdir. Cavabdeh həmin pulu 10-15 gün müddətinə qaytaracağına söz vermişdir. Bundan sonra iddiaçı 3500 ABŞ dolları pulu Gəncə şəhəri Gülüstan qəsəbəsi Üç bulaq adlanan yerdə cavabdehə vermişdir. Cavabdeh söz verdiyi vaxt keçdikdən sonra pulu qaytarmamışdır, iddiaçı pulunu tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirmişdir. İddiaçı aidiyyatı üzrə polis orqanlarına müraciət etmiş, Gəncə şəhər Baş Polis İdaarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılmış, həmin araşdırma vaxtı cavabdeh 3000 manat borc almasını etiraf etmişdir. Bundan sonra mübahisə mülki xarakterli olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçının onun qardaşı Rza ilə münasibətləri olmuşdur. O, iddiaçıdan 3500 ABŞ dolları deyil, cəmisi 3000 manat borc almışdır. O, qardaşı Rzanın vasitəsi ilə həmin 3000 manat pulu Bakı şəhərinə göndərmiş, iddiaçı ona telefon vasitəsi ilə zəng edərək verdiyi pulun çatdığını bildirmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Bundan başqa onun qardaşı Rza ilə iddiaçının arasında öz söhbətləri olmuşdur. Sonda cavabdeh iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Nümayəndə ərizəsi əsasında toplanmış materialda hər hansı bir cinayətin tərkib əlamətləri olmadığı üçün material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmaması əsasına görə rədd edilmiş, araşdırma zamanı Nümayəndə Cavabdeh tərəfindən ölümlə hədələnməsi xüsusatı təstiq olunmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, vətəndaş Nümayəndə ərizəsində göstərmiş olduğu Cavabdeh ilə aralarında borcla əlaqədar yaranmış mübahisəyə görə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin həmin qərardakı izahatında Cavabdeh İddiaçı 3000 manat borc alıdığını və həmin borcu qardaşı Rza Xəlilov vasitəsi ilə iddiaçıya qaytardığını, iddiaçının zəng edərək onun qardaşı Rza ilə birlikdə olduğunu və verdiyi pulu tam aldığını deməsini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Çünki işin faktiki hallarından tərəflər arasında şifahi borc müqaviləsi üzrə münasibətlər mövcud olduğu görünür. Belə olan halda qanunvericiliyə əsasən iddiaçının cavabdehdən verdiyi borcun qaytarılmasını tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. - 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından və iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində borc verilmiş, cavabdeh həmin borcu aldığı vaxtdan bu günə qədər qaytarmamışdır. Belə ki, cavabdeh iddiaçıdan 3000 manat borc aldığını etiraf etdiyi üçün məhkəmə bu faktı işin mübahisələndirilməyən halı kimi qiymətləndirir. Lakin cavabdeh həmin 3000 manat borcu iddiaçıya geri qaytardığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı cavabdehə 3500 ABŞ dolları məbləğində borc verdiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə 3500 ABŞ dolları borc pulun verilməsi, eyni zamanda da cavabdeh tərəfindən aldığı 3000 manat borcun iddiaçıya qaytarılması sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3000 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində borc tutularaq cavabdeh İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar