Məhkəmə qərarları › İş №2(044)-1064/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1064/2021

28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1064/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin təmiri zamanı zay etmiş olduqları mal və materialların dəyərinin, əmək haqqı kimi əsassız olaraq almış olduqları pulun, yemək-içməklərinə çəkilən xərclərin, hüquqi məsləhət və məhkəmə rüsumunun, yəni cəmi 2531 manat 40 qəpik məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Göygöl rayonu, Qızılqaya qəsəbəsinin Ü.Hacıbəyli küçəsində yaşayır. Mənzilini təmir etdirmək məqsədilə rəfiqəsi Günelin həyat yoldaşının tanışlığı vasitəsilə Xəyal, Kamran və Fərid adlı şəxsləri usta kimi dəvət etmişdir. Onların necə işləmələrinə əhəmiyyət verməmişdir. 1,5-2 ay işlədikdən və ona xeyli miqdarda ziyan vurduqdan sonra başa düşmüşdür ki, onlar usta deyillər. Sadəcə ustalıqdan anlayışları var. 02.10.2020-ci il tarixdə aralarında mübahisə düşmüşdür. Pəncərəni həddindən çox palçıqla qeyri-bərabər doldurduqlarına görə pəncərə açılmamış və pəncərələrin altdıqlarını daş, qum, sement əvəzinə gips suvaq materialları ilə doldurmuşlar. Bu səbəbdən görüləcək işlərin keyfiyyətini aşağı salmaqda davam ediblər. Alınan suvaq materiallarını qalın bir yerə astar-üzlük sisteminə ciddi riayət etməyərək, gips materiallarını düzgün aldırmayaraq, düzgün vurmayaraq ona aldırmış olduqları mal və materialları zay etməklə ona xeyli miqdarda ziyan vurmuşlar. Belə ki, alınan mal və materiallara görə 1621 manat 40 qəpik, əmək haqqı kimi əsassız olaraq aldıqları 500 manat, yemək-içməklərinə çəkdiyi xərc 320 manat, hüquqi məsləhət və ərizələr üçün çəkilən xərclər 60 manat, məhkəmə rüsumu 30 manat olmaqla ona ümumilikdə 2531 manat 40 qəpik miqdarında ziyan dəymişdir. Odur ki, məhkəmədən mənzilinin təmiri zamanı zay etmiş olduqları mal və materialların dəyərinin, əmək haqqı kimi əsassız olaraq almış olduqları pulun, yemək-içməklərinə çəkilən xərclərin, hüquqi məsləhət və məhkəmə rüsumunun, yəni cəmi 2531 manat 40 qəpik məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, Cavabdeh1 Cavabdeh2 təklifi ilə işə başlamaq adı altında əvvəlcədən əmək haqqı kimi 200 (iki yüz) manat almış, gips və digər suvaq materiallarını 150 (bir yüz əlli) manat civarında zay etmiş, hüquqi məsləhətləşmə, məhkəmə rüsumu və digər xərclər üzrə 50 (əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Ümumilikdə Cavabdeh1 iddiaçıya 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh2 2020-ci ilin avqust ayından X3 ilə işə başlamaqla əmək haqqı kimi əvvəlcədən 480 (dörd yüz səksən) manat və sonradan 20 (iyirmi) manat olmaqla 500 (beş yüz) manat almışlar. Həmin puldan Xəyal Şahnəzərova çatan 200 (iki yüz) manatı qaytarmış, Cavabdeh2 isə qaytarmaqdan imtina etmişdir. Beləliklə, Cavabdeh2 əmək haqqı kimi 300 (üç yüz) manat, yemək haqqı kimi 150 (bir yüz əlli) manat, hüquqi məsləhətləşmə, rüsum, nəqliyyat və digər xərclər üzrə 50 (əlli) manat, mal və materialların zay olması üzrə 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə iddiaçıya 850 (səkkiz yüz əlli) manat maddi ziyan vurmuşdur. Dəymiş maddi ziyandan, yəni 2531 manat 40 qəpikdən, 850 manat (səkkiz yüz əlli) manat Cavabdeh2, 400 (dörd yüz) manat Cavabdeh1, qalan 1281 (bir min iki yüz səksən bir) manat 40 qəpik X4 aiddir. Odur ki, məhkəmədən Cavabdeh2 850 (səksən yüz əlli) manat, Cavabdeh1 400 (dörd yüz) manat olmaqla dəyən maddi ziyanın iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, İddiaçı məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsinin Ü.Hacıbəyli küçəsində yerləşən evdə Cavabdeh2 və X3 ilə birlikdə usta kimi işləmişlər. O, iddia tələbin qəbul etmir, çünki o, heç bir mal və materialı zay etməmişdir. O, həmin evdə işləməyə gedərkən X3 artıq orada usta kimi işləyirdi və iddiaçının bildirdiyi mal və materialları Xəyal Şahnəzərov aldırmışdı. O, iddiaçıya heç bir mal və materiallar aldırmamışdır. Onu həmin evdə işləməyə Xəyal Şahnəzərov dəvət etmiş və o, həmin evdə qısa müddətdə Xəyalın yanında sonuncunun göstərişləri əsasında işləmişdir. O, iddiaçıya heç bir materiallar aldırmadığından və iddiaçıdan hər hansı əsassız pul almadığından iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, İddiaçı məxsus Göygöl rayonu, Qızılqaya qəsəbəsinin Ü.Hacıbəyli küçəsində yerləşən evdə Cavabdeh1 və X3 ilə birlikdə usta kimi işləmişlər. Lakin işlədiyi müddətdə heç bir mal və materialı zay etməmişdir. O, Cavabdeh1la birlikdə həmin evdə işləməyə gedərkən X3 artıq orada usta kimi işləyirdi və iddiaçının bildirdiyi mal və materialları Xəyal Şahnəzərov aldırmışdı. O, iddiaçıya heç bir mal və materiallar aldırmamışdır. Onu Fəridlə birlikdə həmin evdə işləməyə Xəyal Şahnəzərov dəvət etmiş və o, Fəridlə həmin evdə qısa müddətdə Xəyalın yanında sonuncunun göstərişləri əsasında işləmişlər. Belə ki, Fəridlə o, həmin evə işləməyə gələrkən evdə təmir işlərini Xəyal Şahnəzərov artıq başlamış və bütün materialları da aldırmışdı. O, iddiaçıya heç bir materiallar aldırmadığından və iddiaçıdan hər hansı əsassız pul almadığından iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları məcmu halında dəyərləndirərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İşin hallarından göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilinin təmiri zamanı zay olmuş mal və materialların dəyərinin, əmək haqqı kimi əsassız olaraq almış olduqları pulun, yemək-içməklərinə çəkilən xərclərin, hüquqi məsləhət və məhkəmə rüsumunun, yəni cəmi 2531 manat 40 qəpik məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 tutulması ilə əlaqədar iddia qaldırmışdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Deməli, iddiaçı iddia tələbi daxilində vurulmuş zərəri tələb etdiyi təqdirdə, iddiada istinad etdiyi real zərərin mövcudluğunu müəyyən etməklə yanaşı, mülki hüquq pozuntusunu törətdiyi subyekti və zərərin həmin subyekt tərəfindən törədilməsini, həmçinin onun təqsirliliyini məhkəmə iclasında sübut etməlidir. Göründüyü kimi, qanunverici mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsini müəyyən edərkən digər tərəfdən prosessual qaydaya uyğun iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsini iddia edən şəxsin üzərinə bir vəzifə kimi qoymuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Plenum Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Zərər yetirmə ilə subyektiv hüququn pozulması, zərər vuran şəxsin aşkar olması və hüquqa zidd hərəkətlərdən zərərçəkmiş özünə məxsus qeyri-maddi nemətlərə aid hüquqların pozulması nəticəsində mənəvi sarsıntı, iztirabların yaranması mümkün olar. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində iştirak edən subyektlər arasında mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlər olmalıdır. Bunlar: 1) borclunun (zərərvuranın) hüquqazidd davranışı, 2) həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və 3) borclunun (zərərvuranın) təqsirliliyinin təsdiq edilməsidir. İşin faktiki hallarından aydın olur ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsinə maddi zərər vurulduğunu iddia edir, lakin hüquqazidd davranış, bununla davranış və zərər faktı arasında səbəbli əlaqə, ən əsası borclunun təqsirliliyi təsdiq olunmur, habelə məhkəmə iclasında sübuta yetirilmir. Belə ki, cavabdehlərin iddiaçının evində təmir işləri ilə məşğul olması işin mübahisəsiz halı olsa da, tərəflərin izahatlarından göründüyü kimi evdə təmir işləri ilə yalnız hazırki iş üzrə cavabdehlər məşğul olmamışdır. Ona görə də dəymiş zərərin hazırki iş üzrə cavabdehlərin hüquqazidd davranışı və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə, həmçinin cavabdehlərin təqsirliliyi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməklə müzakirə etdiyi dəlillərlə, verilən izahatlarla, sənədlərlə əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçının ərizəyə əlavə etdiyi satış qaimələri işin həllində səmərəli olmamış, habelə məhkəmə iclasında tərəflərin izahatları, iş üzrə digər sübutlar vasitəsi ilə təsdiq edilmədiyindən subyektiv mövqe kimi qəbul olunaraq mübahisənin həllində effektiv sayılmamışdır. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə qaldırılan iddia üzrə cavabdehlər tərəfindən zərər vurulması faktının mövcud olmadığı qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya” qarşı iş üzrə 26.07.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı sübut etmə yükünün öhdəsindən gələ bilməmiş və belə olduğu təqdirdə iddiaçının mənzilinin təmiri zamanı cavabdehlər tərəfindən cəmi 2531 manat 40 qəpik məbləğində zərər vurulması faktı təsdiq olunmadığından iddia tələbi əsassız sayılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14, 77, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar