Məhkəmə qərarları › İş №2(044)-11/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-11/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-11/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh, cavabdehlərin vəkili X5 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh və X4 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu cavabdehlər Cavabdeh və X1 onun xeyrinə 4291.03 manat əsas və 576.61 manat faiz borcunun, cəmi 4867.64 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(044)- 3468/2017 saylı məhkəmə əmrinə əsasən borclu xx.xx.1963-cü ildə Lənkaran rayonu, Gərgala kəndində anadan olmuş, Gəncə şəhəri, Təbriz küçəsi, ev 15-də yaşayan və qeydiyyatda olan Cavabdeh və borclu xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Təbriz küçəsi, ev 13-də qeydiyyatda olan və yaşayan X1 Bakı şəhəri, Atatürk prospekti, 42 ünvanında yerləşən “xxxx” ASC-nin xeyrinə 4.291,03 manat məbləğində əsas borcun, 576.61 manat məbləğində faiz borcunun, cəmi 4867,64 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qərara alınmışdır. Borclular Cavabdeh və X6 həmin məhkəmə əmrinə etiraz verərək, məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-2283/2020 saylı qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, borclu Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə illik 25 faiz olmaqla 4610.33 manat məbləğində kredit vermişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, bankdan xx.xx.2015-ci il tarixdə nağd kredit və kredit kartı götürməmişdir. O və digər cavabdeh Gözəl Məmmədova dələduzluğun qurbanı olmuşlar, ümumiyyətlə həmin tarixdə onlar bankda olmamışlar. Onlar bankda x xxxxxx 2015-ci il tarixdə olmuşlar, həmin tarixdə o, 2000 manat pul götürmüşdür, Gözəl Məmmədova isə zamin olmuşdur. Hazırda iş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit sazişində olan imzalar onların olsa da, həmin imzaların onlar hansı müqavilə üzrə olduqlarını bilmirlər. Hazırda İddiaçı-nin Gəncə filialının müdiri barəsində ********* nömrəli cinayət işi üzrə istintaq gedir, E.Ağayev istintaq orqanlarından qaçıb gizləndiyi üçün beynəlxalq axtarış elan edilmişdir. Onlar həmin cinayət işi üzrə zərərçəkmiş elan edilmişlər, bundan başqa iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 3017 nömrəli kassa məxaric orderində olan imza ona məxsus deyil. Həmin imzanı oxşatmaqla başqa şəxs tərəfindən çəkilmişdir. O, bir daha qeyd etmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə “xxxx” ASC-nin Gəncə filialında olmamış, barəsində dələduzluqla cinayət işi olan bankın filial müdiri Elvin Ağayev kredit müqaviləsini onu aldadaraq imzalatmış, lakin ona heç bir kredit verilməmişdir. Sonda cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul etməyərək Cavabdeh izahatındakı xüsusatları təsdiq etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - xx xxxxxx 2015-ci il tarixli RO/41925/55/29 saylı kredit sazişindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 4610.33 manat kredit verilmiş, zamin X6 borclu Bəylərov Cavabdeh müqavilədən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öhdəlikləri öz üzərinə götürmüşdür. - “xxxx” ASC-nin xx xxxxxx 2015-ci il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh 4610.33 manat verilmişdir. - xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən cavabdehin “xxxx” ASC-yə 4291.03 manat əsas, 576.61 manat faiz borcu vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin polis böləsinin x xxxxxx 2020-ci il tarixli 318-35788A-3220 saylı məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” ASCnin Gəncə filialının müdiri işləmiş X2 Azərbaycan Respublikası CM-nin 29, 177.3.2 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsi barədə ********* nömrəli cinayət işi üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq aparılır. E.Ağayev istintaq orqanındandan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa elan edilmişdir. - Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli 120=21727-1220 saylı məktubunda götərilmişdir ki, Gəncə şəhəri Nizami Rayonu Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(044)-2283/2020 nömrəli məktubuna cavab olaraq ********* nömrəli cinayət işi üzrə cinayət işinin başlanılması haqqında qərarın surəti məhkəməyə göndərilmiş, xx xxxx 2016-cı il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarda göstərilmişdir ki, xx xxx 2016-cı il tarixdə saat 03 radələrində naməlum şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə “xxxx” ASC-nin Gəncə şəhəri Kəpəz rayonu Nəriman Nərimanov pr.42 C ünvanında yerləşən filialının inzibati binasına, binanın pəncərəsinin şüşəsini sındırma yolu ilə daxil olub bankın fini açmağa cəhd edərkən hadisə yerinə mühafizə əməkdaşlarının gəldiyini görüb bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib hadisə yerindən qaçmaqla oğurluğa cəhd etmişdir. Toplanmış material üzrə fakta görə Azərbaycan Respublikasının CM-nin 29, 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. - İddiaçı-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli RO/41925/55/29 saylı kredit müqaviləsinə əsasən İddiaçı-yə xx.xx.2020-ci il tarixə 4291.03 manat əsas borcu, 363.62 manat faiz borcu vardır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: - x xxxxxx 2015-ci il tarixli R0/13122/55/29 saylı kredit sazişindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 32 faiz ödəmək şərti ilə 1954 manat kredit verilmiş, zamin X6 borclu Cavabdeh müqavilədən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öhdəlikləri öz üzərinə götürmüşdür. - xx xxxxxxx 2015-ci il tarixli RO/22153/54/29 saylı kredit sazişindən görünür ki, “xxxx” ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 23.74 faiz ödəmək şərti ilə 3643 manat kredit verilmiş, zamin X6 borclu Bəylərov Cavabdeh müqavilədən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öhdəlikləri öz üzərinə götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Çünki iddiaçı cavabdehlərlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən özünün öhdəliyi icra edərək Cavabdeh 4610,33 manat məbləğində kredit verdiyini, cavabdehlərin aldıqları krediti qaytarmayaraq öhdəliklərini icra etmədiklərini bildirsə də, bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 4/1177 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 7-ci vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli RO/41925/55/29 nömrəli kredit sazişində müştəri qrafasında imza Cavabdeh tərəfindən icra olunmuşdur. Mülki işin 9-cu vərəqəsində xx xxxxxx 2015-ci il tarixli 3017 nömrəli kassa məxaric orderində “Orderdə yazılmış məbləği aldım” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işin 7-ci vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli RO/41925/55/29 nömrəli kredit sazişində “Müştəri” qrafasındakı imza ilə mülki işin 9-cu vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli 3017 nömrəli kassa məxaric orderində “Orderdə yazılmış məbləği aldım” qrafasındakı imza müxtəlif şəxlər tərəfindən icra olunmuşdur. Mülki işin 9-cu vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli 3017 nömrəli kassa məxaric orderində “Orderdə yazılmış məbləği aldım” qrafasındakı imzada Cavabdeh imzasına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışlardan görünür ki, kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda edilmiş ödənişlər “Cash in” terminalları vasitəsi ilə ödənilmiş, lakin kim tərəfindən ödənildiyi müəyyən olunmur. Göründüyü kimi İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni 4610.33 manat məbləğində kredit verməyi icra etməmişdir. Eyni zamanda ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh kassa məxaric orderinə imza edərək göstrərilən məbləği iddiaçıdan almamışdır. Bundan başqa hesabdan çıxarışlara əsasən kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən ödəniş edilməsi müəyyən olunmamışdır. Bütün bunlar cavabdehlərin izahatlarında göstərilənlərin, yəni Cavabdeh kreditin verilmədiyini və cavabdehlərin həmin kredit müqaviləsindən məlumatları olmadıqlarını təsdiq edir. Buna görə də iddiaçı, tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə icra etmədiyi öhdəliyə görə cavabdehlərdən borcun ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehlərin 4610,33 manat kredit götürdüyü bildirilmiş, lakin bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrdən 20 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının MPM-nin 113-cü maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə əmri ləğv edilərək iddia icraatına keçdiyinə, iddia tələbi 500 manatdan çox olduğuna və iddia rədd olunduğuna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, kəsir qalan 10 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X4 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu “xxxx” ASC-nin özünə aid edilsin, kəsir qalan 10 (on) manat dövlət rüsumu iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar