Məhkəmə qərarları › İş №2(044)-113/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-113/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-113/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin paylara uyğun bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onun ½ hissəsinə mülkiyət hüququ olan ünvan 1 ünvanında yerləşən evə köçürülməyi mənzilin naturada paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək onun ½ hissəsinə mülkiyət hüququ olan ünvan 2 ünvanında yerləşən mənzilin naturada paylarına uyğun şəkildə bölünməsi, bu mümkün olmadıqda həmin evin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin tərəflər arasında paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh İddiaçı keçmiş əridir. İddia ərizəsinin xahiş hissəsində texniki səhv nəticəsində paylı mülkiyyət kimi ünvan 1 ünvanında yerləşən ev göstərilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onların birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında yerləşən ev onların arasında bərabər paylara bölünmüşdür. Bundan sonra iddiaçı evin özünə aid hissəsinə DƏDRX-dən çıxarış almışdır. Lakin evin ½ hissəsi iddiaçıya məxsus olsa da, cavabdeh onu həmin evə buraxmır. Həmçinin iddiaçı cavabdehdən payının əvəzində kompensasiya ödənilməsii tələb etsə də, cavabdeh buna münasibət bildirməmişdir. Ona görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən evin naturada bölünməsi mümkün olmadığından onlar predmeti dəyişərək evin açıq hərracdan satılması və əldə olunmuş pulun paylara uyğun tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını tələb etmişlər. Sonda məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(044)- 541/2018 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X6 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, S.Rəhimov küçəsi, ev 8 mənzil 32 İddiaçı ilə X4 birgə nikah dövründə əldə etdikləri həmin mənzildə onların hər birinin payı ½ hissədə müəyyən edilməklə bölünməsi qət edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, paylı mülkiyyət kimi ünvan 2 ünvanında yerləşən evin ½ hissəsi İddiaçı adına, ½ hissə isə X5 adına qeydə alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İşin faktiki halları ilə təsdiq olunur ki, mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətindədir və həmin mənzilin 1/2 payı iddiaçıya, 1/2 payı isə cavabdehə məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnun müdafiə edilməsini dövlətin ali məqsədlərindən biri hesab edərək, onun effektiv həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, həmçinin xüsusi mülkiyyət hüququ qanunla müdafiə edilir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələrində qeyd olunmuşdur ki, paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.” Mübahisəli mənzildə iddiaçının payının naturada bölünməsinin aydınlaşdırılması məqsədilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(044)- 3113/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli 10/1238 № li məhkəmə ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsi 8 saylı evin, 32 saylı mənzilini naturada paylara uyğun təcrid olunmuş mənzillər şəklində 2 hissəyə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Bununla da ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının mübahisəli mənzildə olan payının naturada ayrılması mümkün deyildir. Bundan başqa iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsi təklifi ilə cavabdehə müraciət etsə də, cavabdeh buna münasibət bildirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının payının naturada ayrılması mümkün olmadığından və cavabdehin kompensasiya verməyə razılığı olmadığından əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib surətdə bölüşdürülməsi üçün əsaslar mövcuddur. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ünvan 4 ünvanında yerləşən ev açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti – texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən ev açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə Cavabdeh ödənilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İş üzrə məhkəmə tikinti – texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar