Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1146/2021 17.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Bayramov Ruslan Əlövsət oğlunun, Cavabdehin nümayədəsi Məlikova Könül Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh xxxx ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə ona məxsus Gəncə şəhəri, Təbriz küçəsi, ev 201-ə “xxxx” ASC-nin Gəncə şəhər şöbəsinin işçiləri tərəfindən yazılmış 901.80 manat cərimənin silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Təbriz küçəsi, ev 201 onun mülkiyyətindir. xx.xx.2021-ci il tarixdə xxxx ASC-nin Gəncə şəhər şöbəsinin işçiləri yaşadığı ünvana gələrək həyətindəki qaynaq aparatını işlətmək məqsədi ilə elektrik xəttindən əlavə xətt çəkdiyinə və elektrik enerjisindən 5 gün istifadə etdiyinə görə protokol tərtib edilərək 5 günə 901 manat 80 qəpik məbləğində cərimə yazılmışdır. xx.xx.2020-ci il tarixdə xxxx ASC-nin Gəncə şöbəsinin işçiləri yoxlanış etmiş, heç bir şey aşkar etməmişdilər. İş materiallarında olan: - Gəncə şəhər xxxx ASC-nin tərtib etdiyi 020348 saylı aktdan görünür ki, EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evində sayğac sxemindən kənar xətdən istifadə edildiyi məlum olmuşdur. - xxxx ASC verdiyi xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı 842 manat borcu vardır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirah edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Bayramov Ruslan Əlövsət oğlu iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirah edən cavabdeh xxxx ASC-nin nümayəndəsi Məlikova Könül Yusif qızı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X1 Qaydalarına uyğun olaraq iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, bu zaman məlum olmuşdur ki, fərdi yaşayış evində sayğac sxemindən kənar xəttdən istifadə edilmişdi. Belə ki, kənar xətt sayğacı qidalandıran “SİP”xəttinin sayğacdan əvvəl olan hissəsindən, sıxac(zajim)vasitəsilə “faz” və”nol”xəttləri çəkilmişdir.Kənar xətt “SİP”kabel vasitəsilə çəkilmişdir. Bu hal iddia ərizəsinin məzmunundan da müəyyən edilir. Hesablanmış pula gəldikdə isə iddiaçının ərizəsində göstərildiyi məbləğdə, yəni 901 manat 80 qəpik deyil, 842 manat itirilmiş enerji haqqı hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbul edicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. “Qaydalar”ın qeyd olunan müddəasından göründüyü kimi, istehlakçının təqsirindən hesablaşma - qoşulma sxeminin yoxlanılması tarixindən aparılması nəzərdə tutulur. Cavabdeh isə bir aylıq hesablaşmanı vaxtında aparmışdır. Həmin “Qaydalar”ın 8.2-ci bəndinə əsasən elektrik elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh elektrik enerjisi təchizatı müəssisəsinin əməkdaşları tərəfindən istehlakçıya (15,4 kvt x (0,7)x24 saatx30 gün=7762kvts; tarif(0,07 man)-300kvts x 0,07=21 manat; tarif limit keçdikdən sonra (0,11man)-7462kvts x 0,11=820,82 manat; 820,82+21=841 manat 82 qəpik) 841 manat 82 qəpik syağac sxemindən kənar xəttdən istifadəyə görə pul hesablamaqda haqlı olmuşlar. İddiaçı cəmi 40 manat pul ödəməli olmasını bildirsə də, o bununla bağlı sübutlarını məkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh xxxx ASC-yə qarşı “borcun silinməsinə” dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1146/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1146/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver