Məhkəmə qərarları › İş №2(044)-1156/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1156/2021

05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1156/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus avtomobilə dəymiş 12,735.00 (on iki min yeddi yüz otuz beş) manat məbləğində ziyanın və dövlət rüsumunun ödənilməsi üçün 30 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29.11.2019-cu il tarixdə saat 20:10 radələrində Cavabdeh idarə etdiyi “VAZ 21214” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə aşağı istiqamətdə təxminən 40- 50 km/saat ilə hərəkət edən zaman R.Qasımov küçəsinin kəsişməsinə çatanda ona məxsus olan mobil telefon ayaqaltına düşdüyü üçün onun başı telefonu götürməyə qarışdığından qabağı görə bilməmiş və bu vaxt idarə etdiyi avtomobillə R.Qasımov küçəsi ilə hərəkət edən “Toyota Camry” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, zərbənin təsirindən həmin avtomobil fırlanaraq ona məxsus “Hyundai Sonata” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qabaq tərəfdən dəyərək dayanmışdır. Avtomobil qəzasından dərhal sonra hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən baxış keçirilmiş və müvafiq sənədləşdirmə aparılmışdır. Aparılmış təhqiqat nəticəsində Cavabdeh qeyd olunan qəza nəticəsində təqsiri sübut olunmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Eyni zamanda avtomobil qəzasından dərhal sonra "xxxx" QSC-nin əməkdaşları baxış keçirmiş və müvafiq sənədləşdirmə aparılmışdır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə sığorta edən "xxxx" QSC ona dəymiş ziyanı ödəməli yə yaxud dəymiş ziyanın aradan qaldırılması ilə bağlı müvafiq tədbir görməli idi. Qəza nəticəsində ona məxsus avtomobilə ümumilikdə 14285 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Lakin "xxxx" QSC ona hadisə nəticəsində dəymiş ziyan məbləğindən cəmi 1550 manat ödəniş etmişdir. Halbuki iddia ərizəsinə əlavə edilən “Hyundai Gəncə” Servis departamentinin qüsur aktından aydın görünür ki, "xxxx" QSC tərəfindən ödənilmiş məbləğ dəymiş ziyanın təxminən 10 faizindən az hissəsini əhatə etmişdir. Bu səbəbdən qalan dəymiş ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Sözügedən hadisədən sonra cavabdehin heç bir qanuni addım atmayacağını hiss edərək avtomobili öz vəsaiti hesabına təmir etdirmək məcburiyyətində qalmışdır. Avtomobilin təmirinə 14285 manat sərf etmiş, bu vəsaitdən cəmi 1550 manat sığorta tərəfindən ödənilmiş vəsait olmuşdur. Buna görə də ona dəymiş maddi ziyan və bütün xərclər cavabdehdən tutulmalıdır. İddiaçı nümayəndəsi X2 məhkəməyə “iddia həcminin azaldılması”na dair ərizə təqdim edərək, ekspertiza rəyinə əsasən 12.077 (on iki min yetmiş yeddi) manat dəymiş ziyandan 1550 manat sığorta xərcinin, 5.000 manat cavabdeh tərəfindən ödənilən pulu nəzərə alaraq, yekun olaraq cavabdehdən qalıq 5527 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumu olaraq, manat olmaqla dəymiş ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbi ilə razılaşmadığını, iddiaçıya 5.000 (beş min) manat ödəməklə dəymiş ziyanı tam ödədiyini bildirmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15.01.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh “VAZ 21214” minik markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və sürücü Cavabdeh “Yol Hərəkəti haqqında” Qanunun tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Hyundai Gəncə” Servis Departamentinin 13.12.2019-cu il tarixli Qüsur Aktının surətindən görünür ki, İddiaçı məxsus olan “Hyundai Sonata” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12085 (on iki min səksən beş) manat məbləğində ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 30.08.2021-ci il tarixli, 9/4757 saylı rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Hyundai Sonata” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12077.0 (on iki min yetmiş yeddi) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçıya məxsus olan “Hyundai Sonata” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri kimi 5527 (beş min beş yüz iyirmi yeddi) manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə 100 manat məhkəmə ekspertiza xərci müəyyən edildiyindən və iddia tələbi təmin edildiyindən 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5527 (beş min beş yüz iyirmi yeddi) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İş üzrə məhkəmə ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar