Məhkəmə qərarları › İş №2(044)-1194/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1194/2021

31.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1194/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “tikintinin cavabdehin hesabına sökülərək başqa yerə keçirilməsi və ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ona dəymiş 2000 manat maddi və mənəvi ziyanın alınmasına və 30 manat dövlət rüsumunun tutulmasına, həmçinin cavabdeh tərəfindən onun mülkiyyətində olan evin divarına bitişik inşa edilmiş tikintilərin və qanunsuz olaraq çəkilmiş işıq və qaz xəttinin cavabdehin hesabına sökülərək yerinin dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 31.08.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Cavabdeh əsil cavabdh X4 ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı 30.08.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək işıq və qaz xətti ilə bağlı müvafiq orqanlara müraciət edəcəyini nəzərə alaraq həmin hissədə iddia tələbini azaldaraq qalan hissədə iddianın təmin edilməsini xahiş etdi. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavbdeh onun qardaşıdır. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2-43/07 saylı 04 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda olan ev anası Həmidə Hüseynova, bacısı Gülnara Babayeva və qardaşı Cavabdeh arasında bölünmüşdür. Arada barı çəkilmiş, cavabdehlər tərəfindən onun evinə bitişik qeyri-qanuni olaraq hamam-tualet tikdirmiş, su və kanalizasiya xətti çəkdirmiş, evin damına çıxaraq işıq və qaz xətti çəkdirmişlər. Cavabdehlər qeyri-qanuni olaraq tikdiyi hamam və ayaq yolundan onun evinə su sızır, bütün divarı nəm içindədir, divar ovxalanıb tökülür. Dörd dəfə təmir etməyinə baxmayaraq, heç bir nəticəsi yoxdur. Dəfələrlə özlərindən tələb etsə də, lakin buna əhəmiyyət verməmişlər. Həmçinin, evinə bitişik qaz və işıq xətti çəkdiribdir ki, bu da yanğın təhlükəsizliyi qaydalarına ziddir. Bununla bağlı o, cavabdehdən dəfələrlə xahiş etsə də, lakin heç bir əhəmiyyət verməmişdir. O, aynabəndini dəfələrlə təmir etdirsə də, yenə də bərbad olmuş, heç bir ay keçməmiş, yenidən divar nəm çəkməyə başlamışdır. Hazırda divar ovxalanır. Otağın havası bərbad vəziyyətə düşübdür. Həmçinin, cavabdehə məxsus sanitar qovşağı və hamamın yerləşdiyi torpaq sahəsini də qanunsuz adlarına keçiriblər. Cavabdehin tikdiyi hamamtualet də qanunsuz inşa edilmişdir və qanunsuz olaraq onun evinin bünövrəsinə bitişdirilmişdir. Cavabdehdən bu hərəkətlərini dayandırmağı tələb etdikdə, o, nalayiq sözlərlə təhqir etməyə başlamışdır. O, qeyd edilən tikintilərin yerinin başqa yerə dəyişdirilməsini və onun divarından istifadə etməməyini, eyni zamanda ona dəymiş ziyanı tam həcmdə ödəməsini tələb edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 97 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 iyul 2021-ci il tarixli 10/1397 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən ara barısının üzərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 546.0 manat məbləğində müəyyən edilir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 məhkəmədən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər biri-birindən daş hasarla təcrid edilmiş şəkildə qonşuluqda yaşayırlar. Cavadeh tərəfindən həmin daş hasara bitişik şəkildə ayaq yolu inşa edilmişdir. Eksperr rəyi ilə həmin ayaq yolunun tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən həmin əraziyə baxış keçirilərkən də müəyyən edilmişdir ki, cavabdehin həmin ayaqyolunu sökərək başqa ərazidə, eyni zamanda ara barısına bitişik olmadan inşa edilməsi imkanları mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, iddiaçının da həyətində yer altı su anbarı olduğundan ona dəymiş ziyanın özünün və yaxud cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmasını müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyana aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş əmlaka qonşunun ziyan vurmasını və onun qeyri-hüquqi hərəkətləri nəticəsində ziyanın dəyməsini sübut etməlidir. İddiaçı ziyanın cavabdehin qeyri-hüquqi hərəkətləri nəticəsində vurulmasını sübut etmiş, ziyanın iddia tələbində göstərilmiş həddə olmasına dair tələbinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh X2 mnülkiyyətində olan evin İddiaçı ilə sərhəd ərazisində inşa edilmiş ayaqyolu sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar