Məhkəmə qərarları › İş №2(044)-1225/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1225/2022

29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1225/2022 29.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 879 manat və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2019-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh X1 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il 290-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 509-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh X1 iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.20198-cu il tarixində OBA mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh X1 Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən 1491 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan keçən dövr ərzində 393 manat güzəşt edilmiş və 219 manat şirkətdən alacağı vəsait hesabına qarşılanıb. Qalıq borc 879 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəblərini üzrsüz hesab edərək Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 1490.70 manat çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 393.60 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə və 218.81 manat hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 878.29 manat borcu qalmışdır. - Xəbərdarlıq məktubundan görünür ki, vətəndaş Cavabdeh İddiaçı MMC-yə vurduğu maddi ziyanı 3 gün ərizndə ödəməsi barədə xəbərdar olunmuşdur. - xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 6 aylıq sınaq müddəti tətbiq edilməklə xx.xx.2019-cu il tarixədək əmək müqaviləsi ilə satış Departamenti (satış 3) satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. - İddiaçı MMC-nin verdiyi işə qəbul etmə haqqında çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən cavabdeh Satıcı-kassir vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə görə 185 manatdır; - İddiaçı MMC-nin verdiyi vəzifə dəyişikliyi haqqında çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdən cavbdeh Administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə görə 345 manatdır; - xx.xx.2019-cu il tarixli “X2” haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür; - İddiaçı MMC-nin işdən azad etmə haqqında çıxarışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən öz ərizəsi əsasında işinə xitam verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki cavabdeh Elmin Əsgərov Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən İddiaçı MMC-nin əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-ci maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, maddi zərərin əvəzi qismində 879 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Maddi zərərin əvəzi qismində 879 (səkkiz yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə itirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar