Məhkəmə qərarları › İş №2(044)-1239/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1239/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1239/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3739 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili iddia həcminin azaldılması barədə ərizə verərək Cavabdeh 3658 manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, X3 13 nömrəli mağazanın sahibidir. Cavabdeh xx xxxxxxx 2012-ci, xx xxxxxxx 2012-ci il, xx xxxxxxx 2012-ci il tarixlərdə ondan dəyəri 3739 manat olan yataq dəsti, odeyal, cehizlik parçalar və s. almış, özü də ticarətlə məşğul olduğu üçün aldığı malları satdıqdan sonra ona hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Bir il ərzində cavabdehə hər dəfə zəng edib borcunu ödəməsini tələb etsə də o heç bir ödəniş etməmişdir. Cavabdeh uzun müddətdir ki, onun zənglərinə cavab vermir. Cavabdeh onun mağazasından ümumi üç dəfə mal almışdır onlardan ikisində mağaza tərəfindən qaimə tərtib olunmuşdur. İddiaçı onuda qeyd etmişdir ki, cavabdeh mağazaya gələrkən mağaza satıcısı X2 da mağazada olmuşdur. Cavabdeh onun mağazasından aldığı malları ticarət mərkəzində sürücülük edən X1 ilə aparmışdır. İddiaçı məhkəməyə teleqramlar göndərərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - X5 zona 1, sıra 4, korpus 2, 13 nömrəli mağazanın xx.xx.2012-ci il tarixli qaiməsindən görünür ki, Cavabdeh həmin mağazadan ümumi dəyəri 1920 manat olan müxtəlif ceşidli mallar almışdır. - X5 zona 1, sıra 4, korpus 2, 13 nömrəli mağazanın xx.xx.2012-ci il tarixli qaiməsindən görünür ki, Cavabdeh həmin mağazadan ümumi dəyəri 1738 manat olan müxtəlif çeşidli mallar almışdır. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iddiaçının təqdim etdiyi sübutlara əsaslanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 537-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Qeyd edilən normalara əsasən işin faktiki hallarından müəyyən olunur ki, aralarında olan şifahi nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan cəmi 3658 manata nisyə aldığı malların dəyərini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının cavabdehdən həmin malların ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 3658 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3658 (üç min altı yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar