Məhkəmə qərarları › İş №2(044)-1244/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1244/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1244/2021 28.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavadbeh Cavabdeh onun adına götürdüyü məişət əşyalarının dəyəri olan 8000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, cavabdehlə birlikdə istixanada işləmişdir. Bir müddət birlikdə işlədikdən sonra Cavabdeh ona bildirmişdir ki, gəlini ilə arasında tez-tez mübahisələr olur. Bu səbəbdən də o, yeni evə köçəcəkdir, lakin köçəcəyi evin məişət əşyaları yoxdur. Cavabdeh ondan xahiş etmişdir ki, Gəncə şəhərində fəaliyyət göstərən Kontakt Home mağazasında evi üçün onun adına əşyalar götürsün, ödənişi Əfsanə özü edəcəkdir. O, sonuncunun köməksiz vəziyyətdə qaldığını düşünərək 18 oktyabr 2018-ci il tarixində Kontakt Home mağazasından 8000 manat dəyərində 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner götürərək Cavabdeh vermişdir. Həmin gün Cavabdeh ilə birlikdə Gəncə şəhəri 1 saylı notariat kontoruna getmişlər. Cavabdeh notariusda məişət əşyalarının onun tərəfindən götürüldüyü və bütün ödənişləri edəcəyini öz öhdəsinə götürməsi barədə notarial qaydada ərizə vermişdir. Bir neçə ay keçdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh onun adına götürülmüş məişət əşyalarının ödənişlərini etməmişdir. Məcburi qaydada ödənişləri özü aparmışdır. Dəfələrlə məişət əşyalarının geri qaytarılmasını və yaxud ödəniş edilməsini tələb etsə də onun tələblərinə heç bir məhəl qoymadan ödənişdən və əşyaların qaytarılmasından imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək bildirdi ki, o, iddiaçının adına Kontakt Home mağazasından 8000 manatlıq məişət əşyaları götürmüş, imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Sonda cavabdeh iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan: - Cavabdeh 03.11.2020-ci il tarixli notariusda yazdığı ərizəsində bildirmişdir ki, İddiaçı Kontakt Home-dən 8000 manat civarında məişət malları götürüb ona vermiş, və o, həmin malların Kontakt Home-ə ödənişini o, öz öhdəsinə götürmüşdür. - Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis idarəsinin 04.09.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Şəmil qızının müraciətinə cavab olaraq bildirilmişdir ki, AR MPM-in müvafiq maddəsinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis idarəsinin 05.01.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Şəmil qızının müraciətinə cavab olaraq bildirilmişdir ki, mülki iddia qaydasında aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis idarəsinin toplanmış materiallarından görünür ki, İddiaçı Gəncə şəhər prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, tanışı Cavabdeh tərəfindən aldadıldığını, etibarından sui istifadə edildiyini bildirmiş və Cavabdeh tərəfindən dələduzluq əməli törədilmişdir. - Gəncə şəhəri Nizami rayon Polis idarəsində Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, İddiaçı 1 ildir tanıyır. Onun ev əşyalarına ehtiyacı olduğu üçün İddiaçı öz adına Kontak Homa-dan məişət əşyaları götürməsini xahiş etmişdir. Razılaşmaya görə götürülən əşyaların ödənişini sonuncu hər ay özü edəcəkmiş. Belə ki, İddiaçı Gəncə Mall-da yerləşən Kontak Home mağazasından 8000 manatlıq ev əşyalarını öz adına götürmüşdür. O, Zərəngizi aldatmamışdır. İlk aylarda o ödənişi vaxtı vaxtənda etmiş, lakin sonradan pula ehtiyacı olduğu üçün, həmin əşyaları satmışdır. Hazırda işsiz olduğu üçün ödəniş edə bilmir. İş tapıb hər ay 100 manat borcundan ödəməyə çalışacaqdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin olunmalıdır. Bundan başqa işin faktiki hallarından göründüyü kimi tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsi olduğu üçün hazırkı mübahisəyə mülki qanunvericiliyin nisyə alqı-satqı müqaviləsi ilə bağlı müddəaları şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh aldığı malların dəyərini hissə-hissə iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının cavabdehdən malların dəyərinin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan maddi və prosessual hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 8000 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən vəAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar