Məhkəmə qərarları › İş №2(044)-1246/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1246/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1246/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” X13 Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” X13 Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” X7 və Satışı İdarəsinin 088800 saylı aktına əsasən hesablanmış 35.52 manat və cavabdeh “xxxx” X13 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən yaşadığı Şəmkir rayonunun Tatarli kəndində işıq sayğacın giriş kabelinin zədələnməsi və kənar xətt çəkilməsinə görə tərtib edilmiş, xx.xx.2020-ci il tarixli, AKTR saylı 202166 saylı aktın və həmin akta görə hesablanmış xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən fərdi yaşayış evinin gücü 1.0 kVt x 24 x 0.7 x 365g = 6132 kvt.s götürülərək, (0,07 manat tarifi nəzərə alınmaqla) aparılan əlavə elektrik enerjisi sərfiyyatı abonünt hesabına daxil edilərək əlavə 578.60 manat borcun hesablanmasının qanunsuz olduğundan, həmin borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonunu Tatarlı kəndində özünə məxsus (aktda onun ata adı səhvən Cəlal yazılmışdır) evdə ailəsi ilə birlikdə yaşayır və yaşadığı fərdi evin (abonünt nömrəsi: **********00108, sayğac nömrəsi: **********M0511537) elektrik istifadəsinin sərfiyyatı smart tipli olmayan analoq tipli elektrik sayğacı vasitəsi ilə ölçülür, sayğacın quraşdırıldığı tarixdən bu günə qədər enerji istehlak qaydalarının hər hansı bir pozuntusu və enerji dəyərinin ödənilməsində pozuntu baş verməmiş, sərf edilmiş enerji dəyərinin ödənilməsi nəzarətçi şəxs tərəfindən təqdim edilmiş bildiriş qəbzi əsasında vaxtlı vaxtında yerinə yetirilmişdir. 2020-ci ilin sentyabr ayında həyətdə olan tut ağacını kəsən zaman ehtiyatsızlıqdan budaqların arasından keçən sayğaca giriş kabeli zədələnmiş, zədələnmiş giriş kabeli elektrik izolə lenti ilə onun tərəfindən bərpa ediliş və bu barədə ərazi üzrə nəzarətçiyə məlumat verilmişdir. Adəti üzrə növbəti dəfə xx.xx.2020-ci il tarixində **********M051137 nömrəli sayğac üzrə bildiriş qəbzi əsasında sərf edilmiş elektrik enerji dəyərini ödəmək istədikləri zaman ödəməli olduğu 7.42 manat borcdan əlavə 578.60 manat əlavə borc miqdarı göstərildiyindən, bu barədə ətraflı məlumat almaq üçün“xxxx” X13 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinə müraciət etmiş, şəbəkədən ona göstərilən borc məbləğinin “Elektrik enerjisindən istifadə qaydalarının pozulması” na görə “xxxx” X13 Təchizatı və Satışı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində tətbiq edilmiş akta görə yaranması bildirilmiş, o, bu barədə “xxxx” X13 Təchizatı və Satışı İdarəsinə müraciət etmiş, idarədən akt tərtib edilməsi təsdiqlənmiş, onun yazılı müraciəti əsasında tərtib edilmiş AKT-ın surəti və icra vərəqəsi ona təqdim edilmiş, lakin israrla tələb etməsinə baxmayaraq pozuntu üzrə sübutlar ona göstərilməmişdir. Onun oğlu X10 “xxxx” X13 Təchizatı və Satışı İdarəsi tərəfindən xx.xx.2020ci il tarixdə aşkar edilmiş əlavə 578.60 manat borcun əsassız olduğuna dair, xx.xx.2021-ci il tarixdə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, lakin Şəmkir Rayon Məhkəməsinin Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsi ilə “xxxx” X13 Təchizatı və Satışı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə aşkar edilmiş, əlavə 578.60 manat borcun yaranmasına səbəb olan akt üzrə qərar verilmədiyindən xx.xx.2021-ci il tarixli 3(076) - 52/2021 saylı qərardadı ilə onun ərizəsi icraata qəbul edilməmiş, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. “xxxx” X13 Təchizatı və Satışı İdarəsinə qarşı yaşadığı Şəmkir rayonu Tatarlı kəndində işıq sayğacının giriş kabelinin zədələnməsi və kənar xətt çəkilməsi ilə əlaqədar “xxxx” X13 Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli AKT R 202166 saylı aktın və həmin akta əsasən hesablanmış 578.60 manat borcun olması barədə xx.xx.2020-ci il tarixli icra vərəqəsini aldıqdan sonra görmüşdür ki, Qərb RETSİ-nin müvafiq komissiyası tərəfindən xx.xx.2020-ci il tarixli, AKT R 202166 saylı aktın və həmin akta əsasən fərdi yaşayış evinin gücü 1.0 kVt x 24 x 0.7 x 365g=6132 kvt.s götürülərək (0.07 manat tarifi nəzərə alınmaqla) hesabat aparılmış, əlavə elektrik enerjisi sərfiyyatı abonent hesabına daxil edilməklə əlavə 578.60 manat cərimə hesablanmışdır. O, həmin borcla razı deyil, əsassız olduğunu bildirir. Aktın tərtib olunduğu xx.xx.2020-ci il tarixdə o, evdə olmamış və oğlu, X11 Azərbaycan Respublikasının Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərə könüllü olaraq qatıldığından, göstərilən tarixdə döyüşlərdə olduğundan evdə olmamış, həmin tarixdə evdə yalnız həyat yoldaşı X9 olmuşdur, və “xxxx” X13 Təchizatı və Satışı İdarəsinin 2 nəfər əməkdaşları həyətə gələrək, sayğaca gələn xəttin zədələnmə səbəbini soruşmuş,onun həyat yoldaşı isə həmin zədənin vaxtı ilə həyətdə olmuş tut ağacının kəsilməsi vaxtı zədələnməsini demiş, həmin zədənin olmasını kəndin xxxx üzrə nəzarətçisi Elşad Adıgözəlova da demiş və həmin xəttin dəyişdirilməsinin lazım olduğunu ona da bildirməsi barədə məlumat vermişdir. “xxxx” ASC-nin X13 Təchizatı və Satışı İdarəsinin 2 nəfər əməkdaşları isə onun həyat yoldaşına kabelin yaxın zamanda dəyişdiriləcəyi barədə məlumat verərək həyətdən getmişlər. Sonra isə həmin 2 nəfər əməkdaş guya sayğaca daxil olan giriş kabelini qəsdən zədələmələrini və kənar xətt qoşmaları barədə akt tərtib etmişlər. Halbuki, EEİQ haqqında qanuna əsasən həmin akt pozuntusunun aşkar olduğu yerdə, ona məxsus həyətdə hal şahidlərinin və onun iştirakı ilə tərtib edilməli idi. “xxxx” ASC-nin X13 Təchizatı və Satışı İdarəsinin 2 nəfər əməkdaşları həyat yoldaşına və ya ailənin digər üzvlərinə tərtib edilmiş akt barədə məlumat və ya aktın bir nüsxəsini təqdim etməniş, ümumiyyətlə tərtib edilmiş cərimə aktının üzərindən bir çox vaxt keçməsinə baxmayaraq, aktın nüsxəsi və ya hesablanmış əlavə borc barədə məlumat rəsmi şəkildə onlara təqdim edilməmiş, bu barədə məlumatlı olmamışlar. Həmçinin “xxxx” ASC-nin X13 Təchizatı və Satışı İdarəsinə rəsmi müraciət edib akt üzrə sübutları tələb etmələrinə baxmayaraq iddia edilən pozuntu üzrə sübutlar təqdim edilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, Şəmkir EŞ-nin bir qrup əməkdaşı xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda quraşdırılmış ********* saylı, tipi DDS-26 olan sayğacın giriş xəttinin zədələndiyi və bir başa xətt çəkildiyi müəyyən edilərək 202166 saylı akt tərtib olunmuş, qanunsuz istifadə olunmuş işıq sərfiyyatının 1kvt - 07 qəpikdən hesabat aparılmış, 300 kvt-ı keçdiyi üçün 11 qəpikdən hesablanmışdır. Qeyd olunan mövcud qaydaların tələblərinə uyğun olduğu üçün xx.xx.2020-ci il tarixdə tərtib olunmuş 202166 saylı akt əsaslıdır. Əməkdaşları tərəfindən iddiaçının yaşadığı evdə akt tərtib olunarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Hal-hazırda abonentin 578.60 manat məbləğində borcu vardır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli 42 saylı arayışdan görünür ki, İddiaçı Şəmkir rayonunun Tatarlı kənd İƏD-də daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və aiə tərkibi həyat yoldaşı X2 və oğlu X4 ibarətdir. Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş SB/316 saylı arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X11 “Aərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində hərbi xidmət keçmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(076)-52/2021 saylı qərardadının surətindən görünür ki, İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi barədə X10 tərəfindən verilmiş ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, ərizə və ona əlavə olunmuş sənədlərin X8 geri qaytarılması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli 202/66 saylı aktın surətindən görünür ki, Şəmkir rayonu, Tatarlı kəndində İddiaçı Cəlal oğluna məxsus ünvanda quraşdığılmış işıq sayğacının yoxlanması zamanı məlum olmuş ki, sayğacın giriş xətti zədələnərək bir başa xətt çəkilmişdir. xx.xx.2020-ci il tarixli “xxxx” ASC-nin X13 Təchizatı və Satışı İdarəsinin AKT komissiyasının sədrinin icra vərəqəsinin surətindən görünür ki, Şəmkir rayonu, Tatarlı kəndində İddiaçı məxsus ünvanda ********** saylı sayğacdan kənar xəttin quraşdırılması nəticəsində əlavə elektrik enerjisi sərfiyyatı 578.60 manatdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli qərarının 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçı öz tələbini onunla əsaslandırır ki, cavabdeh təşkilat ona məxsus olan işıq sayğacının giriş xəttinin zədələnməsi və bir başa kənar xəttin qoşulması barədə akt tərtib olunarkən hal şahidləri dəvət olunmamış və onun iştirakının təmin olunmamış, tərtib olunmuş aktın bir nüsxəsi ona təqdim edilməmişdir. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 202/66 saylı aktın surətindən görünür ki, “sayğacın giriş xəttinin zədələnməsi və bir başa xətt çəkilməsi” səbəbindən akt tərtib olunmuş və həmin akt səlahiyyətli şəxslər tərəfindən imza edilmişdir. Belə olan halda isə məhkəmə qeyd edir ki, iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən kifayət qədər mötəbər və zəruri sübutlar təqdim edilmədiyindən mülki qanunvericiliyin müddəalarına əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində qeyd etdiyi cavabdeh təşkilatın hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” X13 Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “xxxx” X13 Təchizatı və Satışı İdarəsinə qarşı “borcun silinməsinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar