Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1252/2021 30.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1, cavabdeh X2 X12 İstismar İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X2 X12 İstismar İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məkhəməyə müraciət edərək 24 sentyabr 2018-ci il tarixli ******* №-li akt ilə onun barəsində hesablanmış 1065 (bir min altmış beş) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Xəlilbəy Xasməmmədov küçəsi ev 28 saylı mənzil ona məxsusdur. 50 ildən çox müddətdir ki həmin evdə yaşayır və evdə quraşdırılmış qaz sayğacı onun adınadır. Yoldaşı vəfat etdiyindən evdə tək qalmışdır. Təxminən 2018-ci ilin mart ayında sayğaca yüklənmiş pul istifadə edilmədiyi halda qazları gəlməmiş və o, zəng edərək qızından bu barədə kömək istəmişdir. Qızı isə sayğaca baxaraq üstündə 14 manat olmasını bildirmiş və qonşulardan qazın kəsilməməsini öyrəndikdən sonra qaz idarəsinə zəng edib bu barədə xəbər vermişdir. Qaz idarəsindən isə ona problemin sayğacdan olması və blombu açmağa ixtiyarları olmadığı, buna görə də sayğacı dəyişdirəcəkləri bildirilmişdir. Beləliklə, köhnə sayğac yenisi ilə əvəz olunmuşdur. Həmin vaxt sökülən sayğaca müdaxilə olunması barədə heç bir söhbət belə olmamışdır. Yeni sayğac isə quraşdırılan zaman yaxşı işləmişdir. Həmin ilin oktyabr ayında o, xəstəliyi ilə əlaqədar Bakı şəhərində olarkən kürəkəni axşam onun evinə baş çəkməyə getmiş, X11 İdarəsinin əməkdaşı qapını döyüb onu soruşmuş, evdə olmadığı bildirildikdə kürəkəninə bir sənəd təqdim edib İddiaçı çatacaq deyərək ona imza etdirmişdir. Bakıdan gələndən sonra kartla qaz pulunu yüklədikdə məlum oldu ki, pulun 30 faizi silinir. Onlar yenə qaz idarəsinə məlumat vermiş və qaz idarəsindən onlara köhnə sayğaca müdaxilə edildiyinə görə 1065 manat cərimə yazıldığı bildirilmişdir.Qaz sayğacı mənzilin çölündədir. Gəncə X9 İdarəsinin işçiləri hər ay sayğaca baxıb müdaxilə olub-olmamasını yoxlayırlar. Sözü gedən sayğac onun evinə 10 ildən artıq müddətdir ki, qoyulmuşdur. O, evindən qeyri-yaşayış sahəsi kimi istifadə etmir. Soba, kalonka və iran qızdırıcı plitəsi işlədir. 2012-ci ildən bəri saldodan da aydın görünür ki, ödədiyi məbləğlər indiki tarixə ödədiyi məbləğlərlə uyğundur. Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 sentyabr 2018-ci il tarixli ******* №-li akt əsassızdır. Həmçinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta kürəkəni də bilmədən qol çəkmiş, oxumadan və akt ilə tanış olmadan köhnə sayğacın yeni sayğacla əvəz olunması üçün akt olduğunu zənn etdiyi üçün qol çəkmişdir. Buna görə də o, cərimə ilə razı deyil, çünki sayğacda yaranmış problem onun günahından olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X8 qzı məhkəmə iclasında iş üzrə İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X2 X12 İstismar İdarəsinin etibarnaməsi üzrə nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək iddianı qəbut etmədiyini, İddiaçı iddiasının əsassız olduğunu, onun 1065 (bir min altmış beş) manat borcun əsaslı olmasını nəzərə almağı və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakcılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 24.09.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, cavabdehin nümayəndələri Nəsimi Məmmədovun, Vüqar Hüseynovun, Novruz Məmmədovun, Nübar Əsgərovanın iştirakı ilə istehlakçıya məxsus yaşayış sahəsində 24.09.2018-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafında zədələnmə aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” X5 X9 İdarəsi tərəfindən verilmiş dəymiş ziyanın hesablanmasına dair arayışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Xəlilbəy Xasməmmədov küçəsi ev 28 saylı yaşayış evində 540 gün üçün itirilmiş qazın həcminin 5328 m3 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Həmin qanunun 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qərarın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qərarın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qərarın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qərarın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB 24 sentyabr 2018-ci il tarixli ******* №-li aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iddiaçının ızahatını nəzərə alaraq qeyd edir ki, İddiaçı kürəkəninin akta imza etməsi onun sayğaca kənar müdaxilə etməsi kimi qiymətləndirilməməlidir. Sonradan tərtib edilmiş 24 sentyabr 2018-ci il tarixli aktda göstərilən qüsur sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafında zədələnməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafında zədələnməsini nəzərə alaraq hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki qanunvericilikdə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Digər tərəfdən cavabdeh 1065 (bir min altmış beş) manat borcun hansı qaydada hesablanması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən tərtib olunmuş akt əsasında hesablanmış borc qanunsuz hesablanmış olduğuna görə ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. “Azəriqaz” X5 X9 İdarəsi tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 sentyabr 2018-ci il tarixli ******* №-li akt ləğv olunsun. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş ******* nömrəli akt əsasında hesablanmış 1065 (bir min altmış beş) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Rasim Kazımov.
Məhkəmə qərarları › İş №2(044)-1252/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1252/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver