Məhkəmə qərarları › İş №2(044)-1253/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1253/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1253/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə , İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh 15000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonu, Qaracanlı kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, bina 36, mənzil 68-də məskunlaşmışdır. xx xxxxxx 2018-ci il tarixdə Cavabdeh 5000(beş min) AZN məbləğində pulu borc vermiş, bundan başqa xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000 (on min) AZN məbləğində pulu Cavabdeh Kərim qızına xx xxxxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Belə ki, o, borc şəkildə aldığı cəmi 15.000 (on beş min) AZN məbləğində pulu qaytarmağı öhdəsinə götürsə də öhdəliyini icra etməkdən yayınaraq icra etməkdən boyun qaçırır. Odur ki, bu tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Belə ki, iş materiallarında olan Gəncə “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xx.xx.2018-ci il tarixli 3M-66 saylı kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10000 manat pulu xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə Cavabdeh vermişdir;iş materiallarında olan sadə yazılı şəkildə tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində pul almışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, o Baratdan deyil, 15.000 manat məbləğində pulu Ysadigar adlı şəxsdən almış və ona da geri qaytarmışdır. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, şahid ifadəsini dinləyərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsasları olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İstinad edilən Məcəllənin 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də tərəflər arasında pul münasibətlərindən irəli gələn öhdəlik yaranmış, cavabdeh iddiaçıdan əvvəlcə 5000, daha sonra isə 10000 manat məbləğində pul almışdır. Cavabdeh pulu Yadigar adlı şəxsdən alıb, ona da qaytarmasına dair dəlillər irəli sürsə də o etirazının əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiqlənmiş müqavilədən və tərəflər arasında sadə-yazılı şəkildə tərtib edilmiş qəbzdən də görünür ki, cavabdehin məhz iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Onun pulu Yadigar adlı şəxsə verməsinə dair dəlilləri də məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında fadə vermiş şahid X1 ifadəsində göstərdi ki, onunla Cavabdeh arasında hər hansı pul münasibətləri olmamışdır. 5000 manat pul Faziləyə verilərkən o da iştirak etmiş və qəbzə imza etmişdir. 5000 manat pul Barat tərəfindən Faziləyə verilmişdir. 10000 manat pulun verilməsində isə o iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 15000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar