Məhkəmə qərarları › İş №2(044)-130/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-130/2022

07.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-130/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 850 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh onun qonşusudur. Belə ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 25, mənzil 6 onun evidir, cavabdeh isə ünvan 1 ünvan cavabdehin anasına məxsus olsa da, həmin ünvanda cavabdeh tək yaşayır. Cavabdeh həmiin mənzilin su və kanalizasiya sistemini bərbad saxladığından son 2 ildə 3 dəfə onun evinə su axıtmışdır. 2020-ci ilin yanvar ayında cavabdeh onu evini suya qərq etmiş, su axıntısı 3-cü mərtəbəni keçərək onun evini basmışdır. Həmin vaxt o, evinin təmirinə 700 manat pul xərcləmişdir. Həmin hadisədən bir neçə ay sonra cavabdeh yenə də onun mənzilini batırmış, lakin zərər cüzi olduğundan o, təmin işləri gördürməmişdir. 2021-ci ilin yanvar ayında 3-cü dəfə onun evini su basmış və o, məcbur olub təmir işlərinə 150 manat pul xərcləmişdir. Bütün bu hadisələri qonşular və 4 nömrəli MİS-in işçiləri də təsdiq edə bilərlər. O, dəymiş ziyanı cavabdehdən tələb etdikdə, sonuncu əvvəlcə ödəyəcəyini bildirsə də, o, evi təmir etdirdikdən sonra cavabdeh imtina etmişdir. O, bu barədə polis bölməsinə şikayət etmiş, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Buna görə də o, məcbur olub məhkəmədə iddia qaldırmışdır. Sonda iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan və 16098 inventar nömrəli Texniki Pasportdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 25, 6 saylı mənzil İddiaçı mülkiyyətindədir. - 15.01.2020 və 06.01.2021-ci il tarixli qaimə fakturalardan görünür ki, tikinti materiallarına həmin tarixlərdə müvafiq olaraq 457 manat və 136 manat ödəniş edilmişdir. - Gəncə şəhər Nizami rayon Polis idarəsinin polis bölməsinin 10.03.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı şikayəti həmin bölmədə araşdırılmış və ona şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Gəncə şəhər MKTİB 4 nömrəli xidmət sahəsinin 29.03.2022-ci il tarixli arayışından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 25, mənzil 14 X2 məxsusdur, həmin ünvanda onun qızı Cavabdeh yaşayır. Mülki iş üzrə dəymiş ziyanın dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(044)-1388/2021 saylı qərardadına əsasən məhkəmə tikinti – texniki ekspertizası təyin olunmuşdur. Ekspertizanın 11.02.2022-ci il tarixli, 10/6615 saylı rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 6 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 14 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 6 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu həzərə alaraq, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşəndə 25 saylı evin 6 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 14 saylı mənzildən su axıdıldığı və nəticədə 6 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, cavabdeh X1 baxışda iştirak etmədiyindən və ona məxsus 14 saylı mənzilin qapısı bağlı olduğundan sözügedən mənzilə baxış keçirilməmişdir. Bu səbəbdən də Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşəndə 25 saylı evin 6 saylı mənzilinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşəndə 25 saylı evin 6 saylı mənzil üzrə su sızma nəticəsində yaranan qüsurların nələrdən ibarət olduğu və həmin qüsurların bərpası üçün görüləcək işlərin ümumi dəyəri rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Aparılan hesablamalar nəticəsində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşəndə 25 saylı evin 6 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 806 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən onun təqsiri nəticəsində baş vermiş su axıdılması nəticəsində İddiaçı mənzilinə dəymiş maddi ziyanın əvəzini ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bununla belə, iddiaçı cavabdehin təqsiri nəticəsində ona 850 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, bu faktı sübut edə bilməmişdir. Ekspert rəyi ilə iddiaçının əmlakına 806 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, maddi zərərin əvəzi qismində 806 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 manat məbləğində pul vəsaitinin 47 manatı cavabdehdən, 3 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Maddi zərərin əvəzi qismində 806 (səkkiz yüz altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat manat məbləğində pul vəsaitinin 47 (qırx yeddi) manatı Cavabdeh, 3 (üç) manatı isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar