Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-131/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi İddiaçılar–İddiaçı1 Cəlil oğlunun, İddiaçı2, onların vəkili X1 Cavabdeh–Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 Cəlil oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdeh tərəfindən onlara məxsus giriş-çıxış yoluna qanunsuz açılmış qapının bağlanılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 Cəlil oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdeh tərəfindən onlara məxsus giriş-çıxış yoluna qanunsuz açılmış qapının bağlanılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən onlara məxsus qanunsuz giriş-çıxış yoluna qanunsuz açılmış qapının bağlanılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin yaşadıqları ünvan Gəncə şəhəri, Faiq Bayramov küçəsi, 63-dür. Onların evinin küçəyə giriş-çıxış qapısı Faiq Bayramov küçəsi 71B ünvanındadır. Cavabdehlər qanunsuz olaraq tikinti texniki normalarına zidd olaraq onların giriş-çıxış yolu ilə üzbə-üz qapı açmışlar. Onlar qapını bağlamağı bildirsələr də, cavabdehlər buna məhəl qoymamışlar. Cavabdehlərin açdığı qapı onların giriş-çıxışına maneə yaradır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan xx.xx.2013-cü il tarixli, RX ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 Cəlil oğlunun adınadır; Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(044)- 1200/2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X2 miras qalmış ünvan 2 saylı ünvanda yerləşən mülkə İddiaçı1 Cəlil oğlu qanun üzrə vərəsə hesab edilmişdir; Azərbaycan Respublikası “X3”-nin xx.xx.2021-ci il tarixli, 57 saylı ekspert rəyindən görünür ki, ümumi gediş-gəliş yolu bələdiyyənin mülkiyyətində olan ərazidir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmənin iclasında iştirak edən iddiaçılar və onların vəkili iddia ərizəsində qeyd olunanlara uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmənin iclasında iştirak edən Cavabdeh1 oğlu iddia tələbinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri Nizami bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, gəlməməklərinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab emişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasına əsaslanmaqla qiymətləndirərək və mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq belə hesab edir ki, iddia tələbinin qanuni əsası olmadığından rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6-cı maddəsi). Konstitusiyanın 13 və 29-cu maddələrindən irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllədə mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3–cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı onlara məxsus girişçıxış yoluna qanunsuz olaraq açılmış qapının bağlanmasını xahiş edir. Məhkəmə öncə onu qeyd etməyi zəruri hesab edir ki, ilk növbədə aydınlaşdırılması zəruri hesab edilən hal ondan ibarətdir ki, həqiqətən də iddiaçının qeyd etdiyi kimi giriş-çıxış yolu iddiaçıların özlərinə aiddirmi? Bu sual ətrafında məhkəmə araşdırılması aparılmış, sualın izahı xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş və ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhəri Nizami rayonu F.Bayramov küçəsi 71 B nömrəli evin giriş-çıxışına gedən yol ümumi istifadə üçün nəzərdə tutulan dalan-yol kimi göstərilmişdir.Ümumi gediş-gəliş yolu bələdiyyə mülkiyyətidir. Məhkəmə ekspertin qeyd edilən rəyini sübut növü kimi qəbul edərək onu qeyd edir ki, göründüyü kimi giriş-çıxış yolunun iddiaçılara aid olmaması müəyyən edildiyindən həmin yola açılmış qapı bələdiyyənin hüquq və maraqlarına toxunsa da, iddiaçıların hər hansı hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Əksinə müəyyən edilmişdir ki, iddiaçının özünə məxsus hesab etdiyi torpaq sahəsi ümumi istifadəd olan torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətindədir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçıların məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki onlar mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin digər dəlillərinə, qapının qanunsuz olub-olmamasına münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 Cəlil oğlunun və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdeh tərəfindən onlara məxsus giriş-çıxış yoluna qanunsuz açılmış qapının bağlanılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-131/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-131/2021
10.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver