Məhkəmə qərarları › İş №2(044)-1321/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1321/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1321/2021 21.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 5085 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək məhkəmədən cavabdehlər 4000 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini İ Ş İ N H A L L A R İ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx xxxx 2019cu il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh satış təmsilçisi-sürücü vəzifəsinə işə qəbul edilmişdir.Əmək müqaviləsi xx.xx.2019-xx.xx.2019-ci illər üzrə bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh məhsulların satışı barədə danışıqlar aparılması, satış üçün yeni obyektlərin tapılması və sıx(ticari,) əlaqə qurmaq, satılmış malların pullarını hesabat şəklində şirkətin xəzinəsinə təhvil vermək, anbardan qaimə əsasında götürülən məhsulların satış nöqtəsindəməsuliyyətini daşımaq, şirkətə aid əmlaka məsuliyyətlə yanaşmaq, işdən azad olunarkən şirkətə aid əşya, əmlak-soyuducu, rəf vəs. əşyaları şirkətin anbarına təhvil vermək vəzifəsini öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən cİşçiə Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyalarının vaxtında keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən ziyanın könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürür. Əgər bir tərəf digər tərəfin hüquqlarının pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qarşısında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.Eyni zamanda xx.xx.2019-cu il tarixdə tərəflər arasında tam maddi məsuliyyət haqqında Müqavilə bağlanmışdır. Tam maddi məsuliyyət haqqında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən işçi ilə əmək müqaviləsi bağlandıqdan sonra, əmək münasibətləri prosesində işəgötürənin etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanılması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işçinin maddi məsuliyyətinin əsasları bu müqavilənin predmetini təşkil edir.Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər istehsal riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən ziyanın könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürür. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qarşısında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.Bununla yanaşı iddiaçı ilə cavabdeh arasında satış təmsilçisinin vəzifə borcları barədə müqavilə bağlanmışdır. Eyni zamanda iddiaçı ilə ikinci Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə Zaminlik müqaviləsi bağlanmışdır.Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən zamin və işçi işəgötürən qarşısında maddi məsuliyyət haqqında Müqavilə üzrə götürdüyü öhdəliklərin icrasında birgə məsuliyyət daşıyırlar.Həmin Müqavilənin 2.2-ci maddəsinə əsasən korlanmış və ya itirilmiş avadanlığın məbləği, o cümlədən satılmış malların maliyyə əksiklərinin qaytarılmaması, yaxud işçinin qulluq etdiyi satış nöqtələrində kredit qalıqlarının əksiklərinin qaytarılmaması Zaminin məsuliyyət daşımasına əsas sayıla bilər. Tərəflər arasında müqavilə bağlandıqdan sonra cavabdeh işə başlamış, Cəmiyyətə məxsus məhsulları qaimə əsasında təhvil götürərək, satışı ilə məşğul olmuşdur. İddiaçıya borcu olması barədə ərizə yazaraq etiraf etmişdir. Həmin borcun bir hissəsini ödəmiş, qalan 5085 manat ödənilməmiş qalmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə işdən azad edilmişdir. O, işdən azad edildikdən sonra iddiaçının anbarından qaimə əsasında götürdüyü malların dəyəri iddiaçının əməkdaşları tərəfindən yoxlanılmış və bu barədə akt tərtib olunmuşdur. Yoxlama zamanı cavabdeh dəvət olunsa da gəlməkdən imtina etmişdir.Cavabdehin ünvanına xəbərnamə göndərilərək işdən azad olunarkən şirkətə olan 5085 manat yaranmış borcun ödənilməsi təklif olunmuşdur. Cavabdeh borcu ödəməyi öhdəsinə götürsə də bu günə qədər ödəməkdən yayınır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə satış təmsilçisi-sürücü vəzifəsinə işə götürülmüşdür. xx.xx.2019-cu il tarixli “Tam maddi məsuliyyət” haqqında müqavilədən görünür ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında “tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır; xx.xx.2019-cu iul tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin təmini kimi zamin dayanmışdır; Cavabdeh1 xx.xx.2019-cu il tarixli izahatından görünür ki, o iddiaçıya 8320 manat borcunun olmasını etiraf etmişdir;xx.xx.2019-cu il tarixli öhdəlikdən görünür ki, Cavabdeh1 7452 manat dəyərindən malların, pulların ödənilməsini öhdəliyinə götürmüşdür. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbinin ona aid hissədə etirafına dair məhkəməyə ərizə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin hallarından, o cümlədən iddia tələbinin məzmunundan müəyyən edildiyi kimi iddiaçı öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində İddiaçı MMC-yə vurulmuş maddi zərərin ödnilməsini tələb edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri əmək hüquq münasibətləri nəticəsində yaranmış və bu səbəbdən də mübahisənin həlli baxımından yaranmış hüquq münasibətlərinə Əmək Məcəlləsinin normalarının tətbiqini məhkəmə zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən bəhs edən Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi;mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu tarixli əmək müqaviləsinə əsasən satış təmsilçisisürücü vəzifəsinə işə qəbul olunmuş və “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən isə işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Göründüyü kimi Əmək Məcəlləsinə əsasən işçi əmək müqaviləsi bağlandıqdan sonra işçi statusunu alır. İş materiallarından göründüyü kimi cavabdehlə tam maddi məsuliyyət barədə müqavilə bağlanmış və o həmin müqavilə ilə maddi məsul şəxs kimi işə götürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmək kimi vəzifənin daşıyıcısı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən işə götürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Qeyd edilən Məcəllənin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir.İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. İş materiallarında olan aktdan, cavabdehin izahatlarından müəyyən edilir ki, Cavabdeh1 tərəfindən mağazaya 4000 manat ziyan dəymiş və dəymiş ziyan aradan qaldırılmamışdır. Dəymiş ziyanın məbləği iş materialları ilə sübut edilmiş, həmin ziyanın cavabdeh tərəfindən cəmiyyətə vurulmamasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, 4000 manat məbləğində ziyan Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbini digər Cavabdeh2 hissədə əsaslı hesab etmir.Belə ki, göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı məhz həmin zaminlik müqaviləsinə istinadən cavabdehə qarşı pul tələbi irəli sürmüşdür. Tələb əsaslı deyil. Belə ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Göründüyü kimi Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəlik Mülki Məcəllənin deyil, Əmək Məcəlləsinin tələbləri əsasında yaranmış və onlar arasında yaranmış münasibətlər də əmək hüquq münasibətləridir. Əmək Məcəlləsində isə işçinin işə götürən qarşısında öhdəliklərinin təminatı üsulu kimi zaminlik müqaviləsinin bağlanılması nəzərdıə tutulmamışdır. Odur ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh1 iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 4000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 4000 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar