Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1345/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 20 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbəğində alimentin Cavabdeh tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 20 avqust 2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Birgə nikahdan olan uşaq onun himayəsində yaşayır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən bir uşağın saxlanması üçün 117 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh Avropada yaşayır, fərdi əməklə məşğuldur və maddi vəziyyətinin yaxşı olmasına baxmayaraq alimenti ödəmir. O isə uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, 20 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbəğində alimentin Cavabdeh tutulub onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş, nə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-502/2016 saylı, 08 yanvar 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 25.10.2013-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 1024 sayla qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 20 avqust 2014-cü il təvəllüdlü X1 cavabdeh Eminova(Musayeva) Nuranə Sahib qızının yanında qalması, iddiaçı Cavabdeh 20 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 yanvar 2016-cı il tarixdən başlayaraq cavabdeh Eminova(Musayeva) Nuranə Sahib qızının xeyrinə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 21.05.2016-cı il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikahdan 20 avqust 2014-cü il təvəllüdlü X2 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin(bundan sonra- Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideyn işləmədikdə və ya valideynin maddi imkanı olmadıqda onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. Əksinə, valideynin qazancı və ya sair gəliri olmadığı halda ondan alimentin sabit pul məbləğində tutulması barədə qanunvericilikdə göstəriş qeyd olunub. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı alimentin məbləğinin 300 manat məbləğində artırılmasına dair hüquqi əsaslar müəyyən edilməmişdir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını və cavabdehin gəlirini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat müəyyən olunmasını əsas tutaraq iddia tələbinin qismən təmin olunmasını və alimentin artırılaraq sabit pul məbləğində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 502/2016 saylı, 08 yanvar 2016-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 20 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 1000 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30.80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-502/2016 saylı, 08 yanvar 2016-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 20 avqust 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 30.80 (otuz manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-1345/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1345/2022
08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver