Məhkəmə qərarları › İş №2(044)-1349/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1349/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1349/2021 19.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh iddiaçı “İddiaçı” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 216 manat məbləğində itirilmiş qazın, həmçinin 20.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı İB-nin bank hesabına (ABB Sabunçu filialı, kod 805573, VÖEN ********** M/H AZ03NABZ**********000000, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ 72İBAZ********************) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi və İddiaçı İB tərəfindən 30.11.2020ci il tarixli, ******* nömrəli aktla hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı rədd etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı İB ilə abonent Cavabdeh (kod: **********00210) arasında 06.10.2020-ci il tarixli № YR-301 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün İstehlakçı ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Müqavilənin 2.2.4-cü bəndinə əsasən İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. (sayğaca dəymiş zərər, itirilmiş qazın dəyəri və s) Belə ki, X6 İstismarı İdarəsinin əməkdaşları tərəfindən cavabdeh X1 məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı 06.08.2020-ci il tarixli № ******* nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilərək dəyişdirlmiş və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”na göndərilmişdir. “İnformasiya Texnologiya və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”nın MSK 29/1710-03223-1 saylı rəyinə əsasən Sayğaca baxış kecirilmişdir. Sayğacın klapanı işlək olmamış, yivli birləşmələri korroziyaya uğramışdır. Sayğacın çıxış plastmas borusu sınıq olmuşdur. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün №0242302 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160m3 hesabat aparılmaqla 216 manat dəyərində dəymiş ziyan hesablanmışdır. Bununlada abonentin “İddiaçı” İB-nin X6 İstismarı İdarəsinə 216 manat borcu yaranmışdır. Borc əsaslıdır və cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh göstərilən məbləğdən hal hazır ki, vaxta qədər ödəniş etməmişdir. Dəymiş ziyanın tam ödənilməsinə dair 08 fevral 2021-ci il tarixli XN-01/13-0243 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Sonda iddiaçı ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddianı müdafiə, ilkin iddianı rədd etdiyini bildirərək izahatında göstərmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Faiq Bayramov küçəsi 21 saylı ev onun xüsusi mülkiyyətindədir, o, həmin evdə tək yaşayır. İndiyə kimi onun qazla bağlı heç bir problemi olmamışdır, karta pul yükləməklə qazdan istifadə etmişdir. 06 avqust 2020-ci ildə iddiaçı təşkilat ünvanına gəlib qaz sayğacının istismar müddəti bitdiyindən yeni sayğac quraşdıracaqlarını bildirmişlər. Təbii ki, o, heç bir etiraz etməmiş, əksinə düşünmüşdür ki, daha yeni sayğacı olacaqdır. Lakin 11 yanvar 2021-ci ildə ona iddiaçı tərəfindən 30 noyabr 2020-c il tarixli akt təqdim edilmiş və həmin akta əsasən ona əsassız olaraq 216 manat itirilmiş qazın pulu ziyan kimi hesablanmışdır. Bu məsələyə aydınlıq gətirilməsi üçün iddiaçı təşkilata getmiş və ona izah edilmişdir ki, o, 216 manat pul ödəməlidir, bu səbəbdən onun evinə məxsus olan və çıxarılmış köhnə sayğac yoxlamadan keçirildikdə müəyyən olunmuşdur ki, klapan işlək deyil, livli birləşmələri korroziyaya uğramış, çıxış plastmas borusu sınmışdır. Nəticədə 216 manat dəyərində itirilmiş qazın miqdarı ondan tutulmalıdır və güya o, həmin aktı imzalamaqdan imtina etmişdir. O, həmin akta və yazılmış ziyana etiraz edərək bildirsə də ki, o yaşlı qadındır, onun sayğacla heç biri işi olmayıb, Gəncə şəhərində qaz sayğacları çöldədir. X6 İstismarı İdarəsinin işçiləri hər ay sayğaca baxıb yoxlayırlar, müdaxilə olub-olmamasını və yəqin ki, sayğacın abonentə məlum olmayan vəziyyətlərini diqqətlə yoxlayırlar. Əgər müdaxilə varsa, dərhal tədbir görülür. Onlar gözləmir ki, müdaxilənin sayı artıb bir neçə olsun. Başqa sözlə onun çölünə qoyulmuş sayğacda enerji oğurluğuna şübhə yarada bilən qüsur varsa, təhqiqat aparılmalı, abonentə aidiyyətsiz sözlərlə irad tutulmalıdır. Sözü gedən sayğac onun evinə təxminən 10 il əvvəl qoyulmuşdur. Nəvaxtsa dəyişdirilməsi onun yadında deyil. O, evində qeyri-yaşayış sahəsi kimi istifadə etmir, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, su qızdırıcı, qaz plitəsi və qızdırı peç işlədir. Təbii ki, o, evini soyuq aylarda qızdırır və həmin aylarda qazı daha çox istifadə edir. O, hesab edir ki, həmin akt və cərimənin hesablanması tam əsassızdır. Qaz paylayıcı idarə sayğacın onun təqsiri üzündən zədələnməsini sübuta yetirə bilməmişdir. Sayğac kart sistemi ilə işlədiyindən və ödənişin kartın balansına köçürülüb sonradan sayğacın hesabına yüklənməsi qaydası ilə işlədiyini nəzərə alınsa sayğac məqsədli şəkildə müdaxiləsi də mümkünsüzdür. Sonda o, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: - 06.10.2020-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qarğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsindən görünür ki, Paylayıcı (“İddiaçı” İB) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (Cavabdeh) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - 30.11.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmiş (4x6x90=2160 m3, cəmi 2160 m3). - 30.11.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, İddiaçı nümayəndələri TQQ və SX-nın rəis müavini Avazov Müseyib, çilingər Kərimov Vüqar və çilingər Məmmədov Eminin iştirakı ilə istehlakçı Cavabdeh imzalamaqdan imtina etmiş, istehlakçıya məxsus yaşayış sahəsində sayğacın klapanın işlək olmaması, yivli birləşmələri korroziyaya uğraması, sayğacın çıxış plasması sınıq olması aşkar olunmuşdur. - 06.08.2020-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Faiq Bayramov 21 ünvanında istehlakçı Cavabdeh evində qaz sayğacının (Qalf G4 markalı, 09az**********9 nömrəli) istismar müddəti bitdiyi üçün yeni sayğacla (Zenner tipli G4 markalı **********9 nömrəli) əvəz edilmişdir. - abonentin saldosunun surətindən görünür ki, abonent Cavabdeh məxsus ünvan 1 ünvanda 2020-ci ilin avqust ayından dekabr ayına qədər 221 manat borcu yaranmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin: - 1-ci bəndinin 1-ci cümləsinə görə energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. - 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 9-cu bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının: - 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndində əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunan normalardan göründüyü kimi fiziki şəxs olan Cavabdeh ünvanına quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcı olan iddiaçı “İddiaçı” İB daşıyır. Həmçinin iddiaçı cavabdehin sayğacının klapanı işlək olmadığı, yivli birləşmələri korroziyaya uğradığı və sayğacın çıxış plasması sınıq olduğu üçün dəymiş ziyan hesablamış, lakin cavabdehin təqsiri nəticəsində həmin qüsurların baş verdiyini sübut edə biləmişdir. Məhkəmə hesab edir ki, həmin qüsurlar kənar müdaxilənin təsiri nəticəsində deyil, məhz sayğacın istismar müddətinin başa çatması ilə də yarana bilərdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilmədən əsassız olaraq cavabdehə 216 manat borc hesablanmışdır. İddiaçı tərəfindən borcun yaranması kifayətedici aydınlıqla sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə məhkəmə ilkin iddianı əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ilkin iddia tələbini əsassız, qarşılıqlı iddia tələbini isə əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edilmədiyindən, onun tərəfindən hesablanmış 216 manat borc qanunsuz hesablanmış olduğuna görə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh iddiaçı “İddiaçı” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı “İddiaçı” İstehsalat Birliyi tərəfindən Cavabdeh hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar