Məhkəmə qərarları › İş №2(044)-1358/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1358/2021

13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1358/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh oğlundan tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından anadan olmuş xx.xx.2015ci il təvəllüdlü X4 ananın himayəsində qalmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5140/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh oğlunun birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 136 (yüz otuz altı) manat alimentin İddiaçı xeyirinə tutulması qət olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3835/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 (yüz əlli) manat məbləğində aliment artırılaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh oğlunun uşağın saxlanılması üçün verdiyi aliment hazırki tələbatlarını ödəmir. Göstərilənləri əsas gətirib, məhkəmədən xx.xx.2015-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh oğlundan tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu izahat verərək, iddianı qismən qəbul etdiyini, hal-hazırda işləmədiyini, hazırda 200 manat məbləğində aliment ödəməyə imkanının olmadığını bildirdi. Ancaq qeyd etdi ki, 155 manat məbləğində aliment ödəyə bilər. Ona görə də iddia tələbinin qismən təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5140/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cəfərova (Məsimova) Vüsalə Rəsul qızı ilə Cavabdeh oğlunun arasında xx xxxxxx 2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 1760 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 nikahın pozulmasından sonra iddiaçı Cəfərova (Məsimova) Vüsalə Rəsul qızının himayəsində saxlanılması, Cavabdeh oğlundan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment tulularaq, iddiaçı Cəfərova (Məsimova) Vüsalə Rəsul qızının xeyirinə ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3835/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5140/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh oğlundan, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tulularaq,İddiaçı xeyirinə ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-T 048156 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh oğlu, ana qrafasında X5 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 273831 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Cavabdeh oğlunun nikahları xx.xx.2018-ci ildə ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin(bundan sonra- Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideyn işləmədikdə və ya valideynin maddi imkanı olmadıqda onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. Əksinə, valideynin qazancı və ya sair gəliri olmadığı halda ondan alimentin sabit pul məbləğində tutulması barədə qanunvericilikdə göstəriş qeyd olunub. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynin qazancı və ya sair gəliri yoxdursa uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 76.2.2-ci maddəsinə əsasən-iki uşağa görə qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi, 76.1.3-cü maddəsinə əsasən üç və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmçinin xx xxxxxx 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında”BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Konvensiyalarla, istərsə də daxili Qanunvericiliklə uşaqların normal şəraitdə, fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün imkanlardan maksimum dərəcədə istifadə olunması göstərilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və 2021-ci il üçün yaşayış minumumu uşaqlar üçün 175.0 manat olmasını əsas tutaraq iddia tələbinin qismən təmin olunmasını və alimentin artılaraq sabit pul məbləğində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3835/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3835/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar