Məhkəmə qərarları › İş №2(044)-139/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-139/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-139/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 13000 ABŞ dolları və 500 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək bildirmişdir ki, cavabdehlərdən 12700 ABŞ dolları pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh1 və Cavabdeh2la 12 il müddətində yaxın münasibətdə olmuş, sonuncuların vasitəsi ilə Cavabdeh3 və Cavabdeh4 tanımışdır. O, özü ticarətlə məşğul olmuş, Türkiyə Respublikasından müxtəlif vaxtlarda mal gətirib satmışdır. Fuadla Bəxtiyarın şərikli Gəncə şəhəri, H.Əliyev prospektində Mərkəzi Univermağın yaxınlığında valyuta dəyişmə məntəqəsi olmuş, həmin yeri əvvəlcə Bəxtiyar işlətmiş, Sərdar orada satıcı olmuşdur. O, al-ver nəticəsində yığılan pulunu, ehtiyac olduqda xaricə pul köçürülməsi üçün Bəxtiyargilə saxlamağa vermişdir. Bir neçə il onlar bu şəkildə iş görmüşlər və aralarında etibarlı münasibət yaranmışdır. O, 2016-cı il ərzində cavabdehlər Sərdar və Sahibə ümimilikdə 23000 ABŞ dolları pulu saxlamağa vermiş, həmin vaxtı o, valyuta dəyişmə məntəqəsinin Bəxtiyarla Fuada məxsus olduğunu düşündüyü və sonunculara etibar etdiyi üçün həmin pulu Sərdarla Sahibə əvəzsiz olaraq saxlamağa vermişdir. 2016-ci ilin dekabrın sonlarında o, Türkiyə Respublikasına pul köçürülməsi üçün müraciət etmiş, lakin pul köçürülməmişdir. Bundan sonra o, Bəxtiyar və Fuadla görüşərək pulunu tələb etmiş, sonuncular birinci növbədə onun pulunun qaytarılacağını bildirmişlər. O, məhkəmədə iddia qaldırılanadək 23000 ABŞ dollarının 10000 ABŞ dolları Bəxtiyar və Fuad tərəfindən ona ödənilmiş, məhkəmə ərəfəsində Bəxtiyar əlavə 1000 manat pul ödəmişdir. O, həmin məntəqənin Fuad və Bəxtiyara aid olduğunu düşündüyü üçün etibar edərək həmin pulları vermişdir. O, bununla bağlı prokurorluğa şikayət vermiş, şikayət üzrə araşdırma aparılmış və cavabdehlərin əməlində cinayət tərkibinin olmaması ilə bağlı qərar qəbul edilmişdir. Ona görə də o, məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının izahatında göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ona şəxsən pul verməmiş, pulu Sərdar və Sahibə vermişdir. O, xx.xx.2014-cü il tarixə kimi həmin valyuta dəyişmə məntəqəsində müdir, Sərdar kassir olmuş, həmin tarixdə o, çıxdıqdan sonra Sərdar müdir Sahib isə kassir işləmişdir. Onun Ruslanın 2015 və 2016-cı illərdə Sərdar və Sahibə verdiyi pullardan məlumatı olmamışdır. Lakin buna baxmayaraq əvvəllər iddiaçı ilə ticarət etmişlər və aralarında münasibət olduğu üçün o, iddiaçının pulunun geri qaytarılmasına köməklik etmişdir. Belə ki, o, özü iddiaçıya heç bir pul ödəməmiş, sadəcə köməklik məqsədilə Sərdara borcu olan şəxslərdən pulu tələb edərək iddiaçıya vermişdir. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, onun valyuta dəyişmə məntəqəsi ilə heç bir əlaqəsi olmamışdır. O, Bəxtiyara həmin məntəqəni açmağa köməklik etmiş, lakin özü orada olan məsələlərlə maraqlanmamışdır. İddiaçı pulu Sərdar və Sahibə vermişdir. Onun Ruslana hörməti olduğu və yaxşı münasibətləri olduğuna görə, həmçinin Cavabdeh4 anası onun və Cavabdeh2 yanına gələrək oğluna kömək etmələrini xahiş etdiyi üçün onunla Bəxtiar iddiaçının pulunun bir hissəsinin qaytarılmasına köməklik etmişlər, lakin onlar özləri Ruslana pul verməmişlər, Sərdar və Sahibə pul verəcək şəxslərdən pulu alaraq sonuncuların iddiaçıya olan borclarını ödəmişlər. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan HK-1/1455 nömrəli materialdan və xx xxxxxxxx 2019cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Mərşab oğlu tərəfindən aldatma yolu ilə İddiaçı pulunu ələ keçirmələri faktı öz təsdiqini tapmamış, ona görə də toplanmış marerialda AR CM-nin 178ci maddəsinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin vətəndaş İddiaçı borc pulu ilə bağlı mülki qaydada müvafiq məhkəmə orqanlarına mürciət etmək hüququ izah edilmişdir. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasından görünür ki, o, xx.xx.2009-cu il tarixdə “xxxx” ASC-nin 12 saylı şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və xx.xx.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 səs yazılarına sonuncuların razılığı ilə məhkəmə iclasında qulaq asılmış və məlum olmuşdur ki, iddiaçı X6 Musayev və Cavabdeh2 Cavabdeh3 və Cavabdeh4 verdiyi pulunu tələb etmiş, sonuncular isə Sərdarın dəftərinə baxaraq pulun məbləğini dəqiqləşdirdikdən sonra birinci növbədə iddiaçının borcunun qaytarılmasına köməklik edəcəklərini bildirmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Çünki İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 saxlamaq üçün pul vermiş, cavabdehlər isə həmin pulu vaxtı çatdıqda qaytarmalı olmalarına baxmayaraq iddiaçının razılığı olmadan istifadə etməklə öhdəliklərini yerinə yetirməmişlər. Belə olan halda cavabdehlər Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşısında məsuliyyət daşıyırlar və iddiaçı onlardan saxlamağa verdiyi pulu tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 824-ci maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Saxlayıcının saxlamaya götürdüyü əşyadan tapşıranın qabaqcadan razılığı olmadan istifadə etmək hüququ yoxdur. Əks halda o, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. - 826.1-ci maddəsinə əsasən əgər saxlamaya pul qəbul edilirsə və bu zaman saxlayıcının eyni pulu deyil, eyni məbləği qaytarmalı olduğu birbaşa və ya dinməz razılıqla şərtləşdirilirsə, pula mülkiyyət hüququ, ondan istifadə hüququ və onun itməsi riski saxlayıcıya keçir. Bu mənada dinməz razılıq pul məbləğinin möhürlənməmiş və bağlanmamış şəkildə verildiyi halda ehtimal edilir. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla belə məhkəmə hesab edir ki, İddiaçı digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 saxlamağa verdiyi pulu tələb etmək hüququ yoxdur. Çünki iddiaçı pulu saxlmaq üçün Sərdar və Sahibə vermiş, pullar verildiyi 2015 və 2016-cı illərdə Cavabdeh2 valyuta dəyişmə məntəqəsində müdir olmamışdır. İddiaçı valyuta dəyişmə məntəqəsinin Cavabdeh1lə Cavabdeh2 məxsus olduğunu bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən valyuta dəyişmə məntəqəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olması sübut edilə bilinməmiş və hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Buna görə də cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia tələbi əsassız olduğu üçün onlara münasibətdə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh3 və Cavabdeh4 12700 ABŞ dolları məbləğində pul (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla) tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində pul (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar