Məhkəmə qərarları › İş №2(044)-1396/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1396/2022

08.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1396/2022 08.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli 2(044)-3367/2015 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 09 iyul 2012-ci il təvəllüdlü X2 və 24 oktyabr 2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına və 50 manat mediasiya xərcinin də Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli 2(044)-3367/2015 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci ildən başlayaraq Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş Səməd və xx.xx.2013-cü ildə anadan olmuş Arif adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment tutulub X4 verilməsi qət edilmişdir. O, hazırda həmin pula uşaqların tələbatını ödəyə bilmir. Cavabdeh maddi cəhətdən uşaqlarına yardım göstərmək iqtidarında olsa da, özü könüllü olaraq uşaqlarına əlavə heç bir maddi yardım göstərmir, maddi və mənəvi maraqlarını təmin etmir. Hər uşaq üçün qət edilmiş 75 manat alimentin üzərindən artıq 7 il ötür, uşaqlar böyüyür, inkişaf edir, onlar böyüdükcə, inkişaf etdikcə onların saxlanma xərcidə artır. O, uşaqların təhsil hazırlıqlarının da xərcini tək qarşılayır. Hazırki dövrdə həmin pula uşaqların tələbatını qarşılamaq qeyri-mümkündür. 09 iyul 2012ci il təvəllüdlü X2 və 24 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik xasına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat məbləğində alimentin tutularaq ona verilməsini xahiş edir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, ayda 264 manat pensiya, 350 manat prezident təqaüdü alır. Sosial işçi kimi Dost iş Mərkəzindən ayda 300 manat ona verilir. O, hər ay 2 uşaq üçün cəmi 50 manat aliment artırılarsa ödəyə bilər. Sonda o, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli 2(044)- 3367/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2015-ci ildən başlayaraq Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş Səməd və xx.xx.2013-cü ildə anadan olmuş Arif adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment tutulub X7ma verilməsi qət edilmişdir. - X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər lakin tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 09 iyul 2012-ci il təvəllüdlü X6 və 24 oktyabr 2013-cü il təvəllüdlü X8 adlı 2 uşaqları vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2015-ci il üçün yaşayış minimumu uşaqlar üçün 108 manat məbləğində, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki, əqli və sosial cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu xx.xx.2015-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minumumunun 85 manat artıdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 125 manat, cəmi 250 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda, mediasiya xərci iddiaçı tərəfindən ödənildiyinə və tərəflər ilkin mediasiya sessiyasında iştirak etdiklərinə görə məhkəmə hesab edir ki, 50 manat mediasiya xərcinin 25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli 2(044)- 3367/2015 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 09 iyul 2012-ci il təvəllüdlü X2 və 24 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlkin mediasiya sessiyasına ödənilmiş 50 manatın xərcin 25 (iyirmi beş) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar