Məhkəmə qərarları › İş №2(044)-1411/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1411/2021

16.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1411/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 170 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər və onların birgə nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. O, cavabdehin ikinci ailəsidir və onlar ailə qurduqdan sonra bir müddət normal ailə münasibətində yaşamışlar, sonradan aralarında baş verən narazılıqlar səbəbindən ayrılmışlar və cavabdseh ondan ayrıldıqdan sonra birinci ailəsinin yanına qayıtmışdır. Artıq uzun müddətdir ayrılmışlar, o, azyaşlı uşağı ilə birlikdə anasının evində yaşayır, cavabdeh isə Göygöl rayonu Yeni Qızılca kəndinin yaxınlığında “Şibel” zavodunda traktorist işləyir və onun aylıq maaşı 450 manat təşkil edir. O, isə uşağının azyaşlı olmasına görə heç yerdə işləyə bilmir və uşağının saxlanmasında maddi çətinlik çəkir. Cavabdh onunla ailə qurmamışdan əvvəlki ailəsindən olan olan uşağının birinə görə aliment ödədiyindən, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olm uş Quluyeva Aylin Vaqif qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Artıq cavabdehin əvvəlki ailəsindən olan uşaqların 18 yaşı tamam olmuş və onlara görə cavabdeh heç bir aliment pulu ödəmir və hazırda cavabdehin ödədiyi məbləğ uşağın maddi tələbatını ödəmir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.092020-ci il tarixli 2(044)-2285/2020 saylı qətnaməsinə əsasən iddiaçı ilə birgə nikahlarından xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay ondan 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. O, hər ay 130 manat məbləğində alimenti çətin olsa da ödəyir və hazırda onun işlədiyi çınqıl zavodu hal-hazırda fəaliyyətini tam dayandırmışdır, onun əlavə heç bir gəliri yoxdur. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.092020-ci il tarixli 2(044)-2285/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2020-ci il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.092020-ci il tarixli 2(044)-2285/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1800 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.092020-ci il tarixli 2(044)-2285/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2021-ci il tarixli 2(044)-1411Quluyev/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar