Məhkəmə qərarları › İş №2(044)-1446/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1446/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1446/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə arasında bağlanmış 03.11.2017-ci il tarixli DK-00046-06/17A saylı kredit müaviləsinin ləğv edilməsi, kredit müqviləsindən irəli gələn 07.01.2021-ci il tarixinə ödənilməmiş 2987.43 manat əsas borc, 650.15 manat fazi borcu, 3052.98 manat dəbbə borcu, cəmi borc 6690.56 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Bank “xxxx” ASC-nin “Gəncə” filialı ilə Cavabdeh2 arasında bağlanmış 03.11.2017-ci il tarixli DK-00046-06/17A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədilə 60 ay müddətinə illik 10 faiz ödəmək şərti ilə 3450 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 03.11.2017-ci il tarixdə kreditorla DKEZ-00046-06/17A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Həm borclu, həm də zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə 07.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 2987.43 manat əsas borc, 650.15 manat faiz borcu, 3052.98 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin 07.01.2021-ci il tarixinə cəmi borcu 6690.56 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Mülki iş materiallarında olan: - 3 noyabr 2017-ci il tarixli DK-00046-06/17A saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 Bank “xxxx” ASC-dən aldığı, illik 10 faizlə 60 ay müddətinə 3450 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 3 noyabr il tarixli DKEZ-00046-06/17A № zaminlik müqaviləsinin surətindən görünür ki, borc alan Cavabdeh2 öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdən zamin Cavabdeh1 borc alanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. - 08.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bank “xxxx” ASC-yə 07.01..2021-ci il tarixə Kredit müqaviləsinə əsasən 2987.43 manat əsas, 650.15 manat fazi, 3052.98 manat dəbbə, cəmi borc 6690.56 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq kredit və zaminlik müqavilələrinə əsasən Bank “xxxx” ASC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Buna görə də iddiaçının cavabdehlərdən borcu tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 20 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 3 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 2987.43 manat əsas, 650.15 manat faiz, 20 manat cərimə olmaqla cəmi 3657.58 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3 noyabr 2017-ci il tarixli kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3 noyabr 2017-ci il tarixli Kredit müqaviləsinə əsasən 2987.43 manat əsas, 650.15 manat faiz, 20 manat dəbbə pulu olmaqla cəmi 3657 (üç min altı yüz əlli yeddi) manat 58 (əlli səkkiz) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 15 (on beş) manatı tutularaq iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar