Məhkəmə qərarları › İş №2(044)-1462/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1462/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1462/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayənəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Mübariz oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.12.2020-ci il tarixli "borcun etirafına dair razılaşma” ya əsasən 1367.60 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1397.60 manat məbləğində vəsaitin Cavabdeh Mübariz oğlundan tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh Mübariz oğlundan 01.12.2020-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 1167.60 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 2005-ci ilin sentyabr ayında təsis edilmiş İddiaçı MMC ağır texniki və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Cavabdeh Mübariz oğlu 22.01.2019-cu il tarixində İddiaçı MMC-yə əmək müqaviləsi ilə sürücü-ekspeditor vəzifəsinə təyin edilmişdir. Bu dövrdə o, öz fəaliyyətini normal qaydada həyata keçirmiş və müəssisənin etirazını doğuracaq heç bir mənfi hərəkətlərə yol verməmişdir. 27 avqust 2019-cu il tarixində cavabdehin əmək müqaviləsinə dəyişikliklər edilmiş və satış asisstenti vəzifəsinə təyin edilmişdir. Yeni işə qəbul edilərkən cavabdeh ilə İddiaçı MMC arasında “tam maddi məsuliyyət haqqında fərdi müqavilə” bağlanmışdır. Bu müqavilənin 1-ci maddəsinə əsasən, cavabdeh ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüş və ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq kimi vəzifələri öhdəlik kimi qəbul etmişdir. Cavabdeh satış asisstenti vəzifəsini icra etdiyi dövrdə öhdəliyinə verilən mallar üzrə gündəlik satışlar həyata keçirmişdir. İddiaçı MMC-nin əməkdaşları tərəfindən 18.07.2020-ci il tarixində cavabdehin öhdəliyinə verilən malların sayımı keçirilmiş və nəticədə 2621 manat dəyərində əksiklik aşkar edilmişdir. Bu əksikliyi təsdiqləmək üçün 18.07.2020-ci il və 20.07.2020-ci il tarixlərində cavabdeh tərəfindən öz xətti ilə yazılmış və imzası ilə təsdiq edilmiş izahat alınmışdır. Bu izahatlara görə, cavabdeh onun öhdəliyinə verilmiş mallarda 2621 manat dəyərində əksikliyin olmasını, sayımın nəticəsini təsdiqlədiyini, məhsulun onun tərəfindən şəxsi ehtiyaclarını qarşılamaq üçün rəhbərliyin xəbəri olmadan xərclədiyini təsdiq etmiş və 7 gün ərzində borcunu tam ödəyəcəyini öhdəlik kimi öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə ümumilikdə 1453.40 manat məbləğində ödənişlər edilsə də, 1167.60 manat məbləğində pul vəsaiti hələ də ödənilməmiş olaraq qalır. Cavabdeh 22.02.2021-ci il tarixdə 200 manat ödəniş etdiyi üçün 1167.60 manat borcu qalmışdır. Qalan borcun cavabdeh tərəfindən ödənilməsini təsdiq etmək məqsədilə cavabdehlə iddiaçı arasında 01.12.2020-ci il tarixində “borcun etirafına dair razılaşma” bağlanmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilmsəinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 01.12.2020-ci il tarixli Borcun etirafına dair razılaşmanın surətindən görünür ki, borclu Cavabdeh Mübariz oğlu İddiaçı MMC-yə borclu olduğu 1367.60 manat borcunu hər ay 151.60 manat olmaqla 9 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - borclu Cavabdeh Mübariz oğlunun 20.07.2020-ci il tarixli izahatından görünür ki, o, İddiaçı MMC-də əvvəl sürücü kimi daha sonra satıcı kimi işləmişdir. Gündəlik satışları öhdəliyinə verilən anbardan etmişdir. Uşağının səhhətində problemlər olduğu və uzun müddət Xəyal Hacıyevə borcu olduğu üçün pula ehtiyacı olmuşdur. Rəhbərliyin məlumatı olmadan satışını etdiyi anbardan hissə-hissə ümumilikdə 2521 manat pul götürmüşdür. Anbarda mütamadi olaraq sayımlar keçirilmişdir. Növbəti sayım 18.07.2020-ci il tarixdə olmuş və nəticədə 2621 manat dəyərində məhsul əksikliyi aşkar olunmuşdur. - borclu Cavabdeh Mübariz oğlunun 18.07.2020-ci il tarixli izahatından görünür ki, o, İddiaçı MMC-də şatış şöbəsində satış asissenti kimi işləmiş, tabeliyində olan və daim satışlarını keçirdiyi anbardan 18.07.2020-ci il tarixdə sayım keçirilmiş, sayım nəticəsində 2621 manat əksik çıxmışdır. Həmin pulu 7 gün ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. - 25 yanvar 2021-ci il tarixli pretenziyadan görünür ki, borclu Cavabdeh Mübariz oğlu İddiaçı MMC-yə olan 1367.60 manat borcunu 10 gün müddətində qaytarmağına , əks təqdirdə məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. - 15 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh Mübariz oğlu arasında bağlanmış 01.12.2020-ci il tarixli “Borcun Etirafina dair Razilaşmaya” əsasən Cavabdeh Mübariz oğlunun İddiaçı MMC-yə 1367.60 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh “Borcun Etirafina dair Razilaşmaya” razılaşmanın 2.2.1-ci maddəsində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilmiş qaydada ödəməli olsa da, bu günədək ödənilməmiş olaraq qalmışdır. Beləliklə, Cavabdeh Mübariz oğlunun 01.12.2020-ci il tarixədək İddiaçı MMC-yə 01.12.2020-ci il tarixli, “Borcun Etirafına dair Razılaşmaya” ya əsasən borcu 1367.60 manat təşkil edir. - İddiaçı MMC ilə Cavabdeh Mübariz oğlu arasında bağlanmış 27.08.2019-cu il tarixli Əmək müqaviləsinin 5.1-ci bəndindən görünür ki, bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. - İddiaçı MMC ilə Cavabdeh Mübariz oğlu arasında bağlanmış 27.08.2019-cu il tarixli Tam maddi məsuliyyət haqqında fərdi müqavilənin 1-ci bəndindən “a” və “b” yarım bəndlərindən görünür ki, Cavabdeh Mübariz oğlu ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. Maddi sərvətlər dedikdə maddi məsul şəxsin vəzifəsindən asılı olaraq ona təhvil verilmiş mallar və həmin malların satışından əldə edilmiş vəsait də başa düşülür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Çünki tərəflər arasında bağlanmış əmək müqaviləsinə və tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfindən ona etibar edilmiş malların və malların satışından əldə olunmuş vəsaitin qorunub saxlanması, onun hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulmaması üçün tam maddi məsuliyyəti öz üzərinə götürmüş, lakin cavabdehin əməli nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Buna görə də iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin tərəflər arasında bağlanmış “Borcun Etirafına dair Razılaşma”da cavabdeh iddiaçıya dəymiş ziyanın 1367.60 manat təşkil etdiyini etiraf etmiş və həmin məbləği hər ay hissə-hissə ödəmək barədə iddiaçı qarşısında öhdəlik götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. - 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. - 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. - 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. - 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh öz əməli nəticəsində iddiaçıya vurduğu ziyanı hər ay hissə-hissə ödəməyi öhdəsinə götürsə də, öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Mübariz oğlundan 1167.60 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mübariz oğlundan 1167 (min yüz altmış yeddi) manat 60 (altmış) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar