Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1468/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 29 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 846,40 manat əsas borc və 114,33 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 960,73 manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 29 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən illik 28 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. 13 may 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 28 fevral 2021-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 29 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci ilin fevralın 26-dək Cavabdeh1 banka 29 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 846,40 manat əsas borc və 114,33 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 960.73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: -Borcalan Cavabdeh1 ilə bağlanmış 29 may 2019-cu il tarixli, 10-MY-1-0-289-19 saylı kredit müqaviləsindən görünür ki, borcluya 18 ay müddətinə, illik 28% dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. -29.05.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor qarşısında borc alan tərəfindən öz öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və borc alanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -26.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 29 may 2019-cu il tarixli, 10-MY-1-0-289-19 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 28% dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmiş və borcalanın Banka 846,40 manat əsas borc və 114,33 manat faiz borcu olmaqla, cəmi 960,73 (doqquz yüz altmış manat, yetmiş üç qəpik) manat borcu mövcuddur. -09.02.202-ci il tarixli İddiaçı ASC tərəfindən göndərilmiş məktubdan görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 banka olan borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. İşin faktiki hallarından görünür ki, cavabdehlər İddiaçı ASC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 29 may 2019-cu il tarixli kredit və zaminlik müqavilələrinə əsasən 846,40 manat əsas borc və 114,33 manat faiz borcu olmaqla, cəmi 960,73 (doqquz yüz altmış manat, yetmiş üç qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 846,40 manat əsas borc və 114,33 manat faiz borcu olmaqla, cəmi 960,73 (doqquz yüz altmış manat, yetmiş üç qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1468/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1468/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver