Məhkəmə qərarları › İş №2(044)-1469/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1469/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1469/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 14 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3911.08 ABŞ dolları əsas borc, 4427.63 ABŞ dolları faiz borcu, 4004.09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14 sentyabr 2018-ci il tarixdən, 15 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 611.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12954.15 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, kreditor "xxxx" İKB ASC ilə borclu Cavabdeh arasında bağlanmış 14 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 18% ödəmək şərtilə 12100 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 15 fevral 2021-ci ilədək Cavabdeh banka 14 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 3911.08 ABŞ dolları əsas borc, 4427.63 ABŞ dolları faiz borcu, 4004.09 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 14 sentyabr 2018-ci il tarixdən, 15 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 611.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12954.15 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 14.07.2014-cü il tarixli, 22-A-1- 0-1016-14 saylı bank kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC Cavabdeh 36 ay müddətinə illik 18 % ödəmək şərtilə 12100 ABŞ dolları məbləğində kredit verməyi, sonuncu həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. Gecikdirilmiş borc yaranan halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 54 faizi miqdarında cərimə tətbiq olunması nəzərdə tutulmuşdur. - 14.07.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 12100 ABŞ dolları kredit verilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh 15.02.2021-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 3911.08 ABŞ dolları, faiz borcu üzrə 4427.63 ABŞ dolları, cərimə borcu üzrə 4004.09 ABŞ dolları, əldən çıxmış fayda 611.35 ABŞ dolları, cəmi borc 12342.8 ABŞ dolları, kreditin bitmə tarixinə əsas borc 7548.22 ABŞ dolları, faiz borcu üzrə 3620.49 ABŞ dolları təşkil edir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 03.02.2021-ci il tarixli Çıxarışının surətindən görünür ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtıvaxtında icra etməmiş və onun 3911.08 ABŞ dolları əsas, 4427.63 ABŞ dolları faiz, 4004.09 ABŞ dolları cərimə və 4 iyun 2018-ci 14 sentyabr 2018-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 611.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12954.15 ABŞ dolları borcu ödənilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 200 ABŞ dolları müəyyən olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cu maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 15.02.2021-ci il tarixli maliyyə arayışında göstərilən məlumatlara əsasən faiz borcu kredit müqaviləsinin bitdiyi 14.09.2018-ci il tarixinə hesablanmış 3620,49 ABŞ dolları məbləğində təmin olunmalıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3911.08 ABŞ dolları əsas, 3620,49 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və 14 sentyabr 2018-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 611.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 8342,92 ABŞ dolları borc tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 19 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3911.08 ABŞ dolları əsas, 3620,49 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, 14 sentyabr 2018-ci il tarixdən 15 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 611.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 8342 (səkkiz min üç yüz qırx iki) ABŞ dolları 92 (doxsan iki) sent borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 30 manat dövlət rüsumunun 19 (on doqquz) manatı tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar