Məhkəmə qərarları › İş №2(044)-1491/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1491/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1491/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 3064.5 manat əsas, 387.66 manat faiz borcu, 40.12 manat cərimə borcu olmaqla ümumilikdə 3492.28 manat, xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 4991.52 manat əsas borc, 635.08 manat fazi borcu olmaqla, ümumilikdə 5626.6 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, kreditor “xxxxxx” X2 ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 29% ödəmək şərtilə 5000 manat, xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 25% ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir .Kredit müqavilələrinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş qrafiklərinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş, nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Beləliklə də, borclu kredit müqavilələrinin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin və kredit faizlərinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan: - “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 10- Y-1-0-132-18 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 29 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. Gecikdirilmiş borc yaranan halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 72 faizi miqdarında cərimə tətbiq olunması nəzərdə tutulmuşdur. - “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, 10-Y-2-0-523-18 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır. Borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. Gecikdirilən ödənişin əsas borc məbləğinə cərimə kimi illik 72% hesablanır. - maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixinə banka olan borcu əsas borc üzrə 3064.5 manat, faiz borcu üzrə 387.66 manat, cərimə borcu üzrə 40.12 manat təşkil edir. - maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 4991.52 manat, faiz borcu üzrə 635.08 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı “xxxxxxxx” ASC tərəfindən Cavabdeh 5 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq onun əmlaklarına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli Çıxarışının surətindən görünür ki, “xxxxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit müqavilələri bağlanmış, lakin cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtıvaxtında icra etməmiş və onun xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 3064.5 manat əsas, 387.66 manat faiz, 40.12 manat cərimə, ümumilikdə cəmi 3492.28 manat, xx xxxxxxx 2018-ci il tarixli kredit kartının verilməsi və istifadəsinə dair müqaviləsi üzrə 4991.52 manat əsas, 365.08 manat faiz, ümumilikdə cəmi 5626.6 manat borcları ödənilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, borc alan Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddia tələbi üzrə cərimə azaldılaraq 10 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 3064.5 manat əsas, 387.66 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 3462.16 manat, xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 4991.52 manat əsas, 635.08 manat faiz olmaqla cəmi 5626.6 manat, ümumilikdə 9088.76 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 29 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 3064.5 manat əsas, 387.66 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 3462.16 manat, xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 4991.52 manat əsas, 635.08 manat faiz olmaqla cəmi 5626.6 manat, ümumilikdə 9088 (doqquz min səksən səkkiz) manat 76 (yetmiş altı) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar