Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1538/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 üçün əvvəl müəyyən olunmuş 140 manat sabit pul məbləğində olan alimentin miqdarının artırılaraq 200 manat hər ay üçün sabit pul məbləğində müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 12.03.2011-ci il tarixdə nikahları bağlanmış, onların birgə nikahdan 14.01.2012-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14.12.2015-ci il tarixli, 2(044)-5560/2015 saylı qətnaməsi ilə oğlu X5 anasının yanında qalmasını, uşağın saxlanması üçün cavabdehdən sabit 100 manat pul məbləğinin alimentin tutulması qət edilmişdir. O, alimentin artırılmasına dair məhkəmədə iddia qaldırmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2(044)- 2608/2020 saylı qətnaməsi ilə aliment tələbinin artırılmasına dair iddiası qismən təmin edilmiş, oğlu X1 üçün cavabdehdən hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaq böyüdükcə onun təlabatı artır, tək ana olaraq uşağın tələblərini ödəməkdə çətinlik çəkir. Belə ki, uşağın səhhətində də böyük problemlər var. Hər ay onun müalicəsinin aparılması üçün o maddi çətinliklərlə rastlaşır. Demək olar ki, onun müalicəsini davam etdirə bilmir. Bunun hamısı maddi çətinliklə bağlıdır. Hazırda 140 manat aliment onun oğlunun xərclərini ödəmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı idianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, cavabdehin son 6 ayda gəlirlərində heç bir artım olmamış, həmçinin əlavə gəlir mənbəyi də yoxdur. Hazırda cavabdeh ikinci dəfə ailə qurmuşdur. Odur ki, məhkəmədən alimentin miqdarının 150 manat təyin edilməsini xahiş etmişdir. Sonda iddianın qismən təmin olunmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan 14.01.2012ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.12.2015-ci il tarixli 2(044)- 5560/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının iddiası təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında olan 12 mart 2011-ci il tarixdə X12 58 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları 14 yanvar 2012-ci il təvəllüdlü X8 anası X3 yanında qalması, 14 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 12 noyabr 2015-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sabit pul məbləğində 100 manat miqdarında aliment alınaraq X4 verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın müqabilində Cavabdeh 500 manat alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli 2(044)- 2608/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının iddiası qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.12.2015-ci il tarixli 2(044)- 5560/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq 14 yanvar 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər a 140 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 14.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən 11 aprel 2016-cı il tarixdən N nömrəli hərbi hissədə inzibati təsərrüfat hissəsinin su nasos qurğusunun maşinisti vəzifəsində çalışır və vəzifə maaşı 271 manat məbləğində təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 200 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki, əqli və sosial cəhətdən inkişafı ilə bağlı xərclərin olduğunu, alimentin artırıldığı 28.09.2020-ci il tarixdən bu günə qədər cavabdehin gəlirində artım olmadığını, lakin cavabdehin nümayəndəsinin iddianı qismən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay 150 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli 2(044)-2608/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 14 yanvar 2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İş üzrə 5 (beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1538/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1538/2021
30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver