Məhkəmə qərarları › İş №2(044)-1548/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1548/2020

04.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1548/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QAZ 21 markalı, 20CC319 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 2356 maant pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdehalınaraq ona verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixdə, saat 15:48 radələrində Cavabdeh onun mərhum atası X2 məxsus QAZ-21 markalı, 20CC319 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu ərazisindən keçən 329-cu kilometrində hərəkətdə olarkən başqa avtomobillə toqquşmuş, nəticədə onun atası vəfat etmiş, avtomobilə isə 2356 manat ziyan dəymişdir. Həmin hadisə ilə bağlı cavabdeh barəsində cinayət işi açılmış və sonuncu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, dəymiş ziyanın ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu maddi imkanı olmadığını bildirərək ziyanı ödəməmişdir. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək bildirmişdir ki, o, dəymiş ziyanın məbləği, 2356 manat ilə razıdır. Sadəcə olaraq onun bir dəfəyə həmin pulu ödəməyə maddi imkanı yoxdur, o, həmin pulu hissə-hissə ödəyəcəkdir.Sonda cavabdeh iddianın təmin olunmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 15:48 radələrində X2 məxsus QAZ-21 markalı, 20CC319 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu ərazisindən keçən 329-cu kilometrində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq VAZ 21074 markalı, 90HJ497 dövlət qeydiyyat nişanlı və Toyota RAV-4 markalı, 90EG464 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə X3 vəfat etmiş, VAZ 21074 markalı, 90HJ497 dövlət qeydiyyat nişanlı avtomobilə 1920 manat, Toyota RAV-4 markalı, 90EG464 dövlət qeydiyyat nişanlı avtomobilə isə 11395 manat ziyan dəymiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, iddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. - “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” Gəncə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Qüsur aktından görünür ki, QAZ 21markalı 20 CC319 dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilə cəmi 2356 manat zərər dəymişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. - 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, maddi zərərin əvəzi qismində 2356 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Maddi zərərin əvəzi qismində 2356 (iki min üç yüz əlli altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar