Məhkəmə qərarları › İş №2(044)-1552/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1552/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1552/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə, Gəncə şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh xx.xx.2019-cu il tarixli, GN2K5662078 saylı kredit müqaviləsinə əsasən 170 manat məbləğində əsas borc, hesablanmış 150 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 350 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 15 ay müddətinə sonuncu 1715 manat məbləğində məişət avadanlığı əldə etmiş və nəticədə 170 manat məbləğində borcu yaranmışdır. İddiaçı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, sonuncu üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətdə, xx.xx.2019-cu il tarixli, GN2K5662078 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-yə olan borcu xx.xx.2022-ci il tarixdə ödəməsi ilə bağlı 2(044)-1552/2022 saylı işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli, GN2K5662078 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixdə imzalanmış GN2K5662078 saylı borc müqaviləsinə əsasən borcunu, 15 ay müddətinə aylıq 105 manat qaytarmaq şərtilə İddiaçı MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatətə əlavə olunmuş xx.xx.2022ci il tarixli 1940 saylı bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2019-cu il tarixdə imzalanmış GN2K5662078 saylı borc müqaviləsinə əsasən borcunu xx.xx.2022-ci il tarixdə tam ödəmişdir və müştərinin İddiaçı MMC-yə hal-hazırda borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli GN2K5662078 saylı borc müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyə əməl edərək İddiaçı MMC-nə olan borcunu xx.xx.2022-ci il tarixdə tam ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. İşin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Buna görə də hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar