Məhkəmə qərarları › İş №2(044)-157/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-157/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-157/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 31 iyul 2012-ci il tarixli kredit mügaviləsi üzrə banka 1540.33 ABŞ dolları əsas borc, 1110.32 ABŞ dolları faiz borcu, 20569.83 ABŞ dolları cərimə və kredit mügaviləsi üzrə 31 iyul 2014-cü il tarixdən, 03 may 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 644 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 23864.48 ABS dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qetnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək göstərilmişdir ki, Cavabdeh1 31 iyul 2012 il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 7000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 31 iyul 2012-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyíni icra etməkdən boyun qaçırmışdır. 03 may 2021-dək Cavabdeh1 banka 31 iyul 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1540.33 ABŞ dolları əsas borc, 1110.32 ABŞ dolları faiz borcu, 20569.83 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 31 iyul 2014-cü il tarixdən, 03 may 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 644 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 23864.48 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlərin təqdim etdiyi borcun ödənilməsi barədə sənəddə kredit müqaviləsi üzrə öhdəliyin tam icra edildiyi qeyd edilsə də, həmin sənəd o zaman avtomobilin girovdan azad edilməsi üçün verilmiş, standart formada yazılmışdır. Əslində isə cavabdehlər kredit müqaviləsi üzrə borcu tam ödəməmişlər. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı rədd edərək bildirmişdir ki, onların banka heç bir borcu yoxdur. Onlar kürəkəni Cavabdeh1 adına avtomobil alarkən kredit götürmüşlər və 2013-cü ildə borcu tam ödəyərək bu barədə bankdan sənəd almış və avtomobili girovdan azad edərək başqa şəxsə satmışlar. Əgər onların banka borcları olsa idi, bank 2013-cü ildən bu günə qədər onlara qarşı iddia qaldırardı. Sonda o, banka olan borcu tam şəkildə ödədikləri üçün iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 31.07.2012-ci il tarixli 10-M-2-0-1423-12 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən illik 28 faizlə 24 ay müddətinə 7000 ABŞ Dolları məbləğində kredit verilmişdir. - 31.07.2012-ci il tarixli 10-M-2-0-1423-12 saylı zaminlik müqaviləsindən görünür ki, 31.07.2012-ci il tarixli 10-M-2-0-1423-12 saylı kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC ilə Cavabdeh2 ilə aralarında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 15.03.2021-ci il və 22.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC borcu olduğunu bildirmiş və 5 gün müddətinə borc məbləğini könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. Çünki Cavabdeh2 tərəfindən məhkəməyə təqdim olunmuş, "xxxx" İKB Gəncə filialın müdiri E.Ə.Bodurov tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi Gəncə RQİ və TB şöbəsinə ünvanlanmış 28.12.2013-cü il tarixli, 1500 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" Kommersiya Bankı ASC-nin Gəncə filialı ilə bağladığı 31.07.2012-ci il tarixli 10-M-20-1423-12 saylı girov müqaviləsinə əsasən girov qoyan Cavabdeh1 mülkiyyətində olan **-DA-*** qeydiyyat nişanlı, “Opel Sintra” markalı nəqliyyat vasitəsini "xxxx" Kommersiya Bankı ASC-nə girov qoymuşdur. Girovla təmin olunan əsas öhəliyin tam icra olunduğunu nəzərə alaraq yuxarıda göstərilən nəqliyyat vasitəsinin girovunun dövlət qeydiyyatının ləğv edilməsi xahiş edilmişdir. Göründüyü kimi iddiaçının 31.07.2012-ci il tarixli 10-M-20-1423-12 saylı kredit müqaviləsi üzrə tələbləri cavabdehlər tərəfindən tam təmin edilmiş və buna görə də iddiaçının filial müdiri girov qoyulmuş avtomobilin girovunun dövlət qeydiyyatının ləğvini xahiş etmişdir. Ümumiyyətlə məhkəmə hesab edir ki, girov ilə təmin edilmiş əsas öhdəlik cavabdehlər tərəfindən tam icra olunmasa idi, iddiaçının filial müdiri girov qoyulmuş avtomobilin girovunun dövlət qeydiyyatının ləğvi barədə DİN BDYPİ Gəncə RQİ və TB şöbəsinə müraciət etməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 294.1.1-ci maddəsinə əsasən girova girovla təmin edilmiş öhdəliyə xitam verildikdə xitam verilir. - 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. - 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. - 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. - 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizələri rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pul vəsaiti onun özünə aid edilməlidir. Həmçinin məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 173 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə məhkəmə – xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 173 (yüz yetmiş üç) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar