Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1593/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 vəsatətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkətindən onun avtomobilinə dəymiş 2600 manat, əldən çıxmış fayda kimi 30000 manat zərərəin, 3600 manat məbləğində cərimə və dəbbə pulunun və onun tərəfindən ödənilmiş 30 manart dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 vəsatət verərək mülki işin aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, vəsatəti onunla əsaslandırmışdır ki, İddiaçı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsində cavabdeh qismində Cavabdeh2 Sığorta Şirkəti və Cavabdeh1 olmaqla Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz ərizəsində mübahisə predmeti olan 2001-ci il buraxılışlı Porshe Carrer markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili toy şənliklərinə icarəyə verməklə sahibkarlıq məqsədi istifadə etdiyini və qəzadan sonra dəymiş zərər ödənilmədiyi üçün 30000 manat gəlirdən məhrum olduğunu və digər zərərlə yanaşı gəlir itkisinin ödənilməsini xahiş etmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, İddiaçı 12 saylı Ərazi Vergilər Baş İdarəsində sahibkar kimi qeydiyyatdadır (VÖEN: **********). Göründüyü kimi iddiaçının iddia tələbi zərərlə əlaqəli olsa da onun sahibkarlıq fəaliyyəti ilə birbaşa bağlıdır və belə olan halda işə ümumi məhkəmə tərəfindən baxılmasına yol verilmir. Məhkəmə iclasında İddiaçı vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı vergi ödəyicisi olan fiziki şəxs, Cavabdeh2 Sığorta Şirkəti ASC isə hüquqi şəxs olduğundan və tərəflər arasındakı mübahisənin bir hissəsi, yəni 30000 manat əldən çıxmış faydanın ödənilməsi tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, mülki işə kommersiya məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair 2(044)-1593/2021 saylı mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1593/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1593/2021
23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver