Məhkəmə qərarları › İş №2(044)-1631/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1631/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1631/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxx” Kommersiya Bankının Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 142,36 manat məbləğində əsas borc, 16.57 manat məbləğində faiz borcu, 172,19 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 20,88 manat məbləğində faiz məbləği, ümumilikdə isə 352 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/102872/15 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 22 faizlə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Cavabdehə öhdəliyin icra edilməsi üçün dəfələrlə müraciət olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli arayışına əsasən 352 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edib iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 4498/2016 saylı qərarının surətindən görünür ki, QSC “xxxxxxxxxxxxx” KB müflis elan edilməklə X1 QSC “xxxxxxxxxxxxx” KB-nın ləğvedicisi təyin edilmişdir. - xx.xx.2015-ci il tarixli, 1xx/xx/102872/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, QSC “xxxxxxxxxxxxx” KB Cavabdeh xx.xx.2017-ci il tarixinə qədər illik 22 faiz dərəcəsi ilə 24 ay müddətinə 1500 manat məbləğində kredit vermişdir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-na 142.36 manat əsas, 16.57 manat faiz, gecikdirilmiş vaxt üçün 5% ilə hesablanmış 20.88 manat, cəmi 352 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 5 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, 1xx/xx/102872 saylı kredit müqaviləsi üzrə 142.36 manat məbləğində əsas borc, 16.57 manat məbləğində faiz borcu, 5 manat cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 20.88 manat faiz məbləği, ümumilikdə 184.81 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 20 manat dövlət rüsumunun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/102872/15 saylı kredit müqaviləsi üzrə 142.36 manat məbləğində əsas borc, 16.57 manat məbləğində faiz borcu, 5 manat cərimə borcu, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 20.88 manat məbləğində faiz məbləği, ümumilikdə 184 (yüz səksən dörd) manat 81 (səksən bir) qəpik borc və ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı tutularaq iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxx” Kommersiya Bankına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar