Məhkəmə qərarları › İş №2(044)-164/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-164/2020

03.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-164/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı maneənin aradan qaldırılması tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək mülkiyyətində olan Gəncə şəhəri, ünvan 3-də yerləşən, ona məxsus evin həyətindən çəkilmiş istilik cihazının borusunun çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məbləğinin 3000 manat müəyyən edilməsi və həmin məbləğin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ilkin iddianı müdafiə, qarşılıqlı iddianı rədd edərək bildirdi ki, o, 2008-2009-cu ildə səhhəti ilə əlaqədar ünvan 1 ünvanında yaşayan qonşusu Cavabdeh1 onun evdə olmamağından istifadə edərək evinin qaz cihazının borusunu onun həyətindən çəkmişdir. Cavabdeh evi tikən zaman həmin boru olmamış, təxminən 2009-cu ilin mart-aprel aylarında həmin borunu çəkmişdir. Həmin vaxt ondan icazə alınmamış, cavabdeh özbaşına və qanunsuz olaraq borunu onun həyətindən çəkmiş, həmçinin onun həyətinə baxan tərəfə 3 ədəd pəncərə açdırmışdır. O, Bakı şəhərindən gəldikdən sonra dəfələrlə cavabdehə və qaz idarəsinə müraciət etmiş, cavabdeh və ailə üzvləri ona yalan vədlər verərək borunu çıxaracaqlarını bildirmişlər, lakin bu günə qədər həmin borunu çıxarmamışlar. Onun iradlarından sonra cavabdeh 3 ədəd pəncərəni bağlamışdır. Həmin qaz cihazı işlədiyi vaxt onun evində və həyətində borudan çıxan tüstüdən, borunun səsindən dayanmaq mümkün olmur. O, hazırda evini satmaq istəsə də, gələn müştərilər həmin borunun səsinə və tüstüsünə görə onun evini almaqdan imtina edirlər, bu isə onun mülkiyyətçi kimi hüquqlarını pozur. Bundan başqa cavabdeh həmin borunun onun həyətindən çəkilməsinin əvəzində onun həyətinə 3000 manat xərc çəkdiyini bildirmişdir. Lakin cavabdeh onun həyətinə həmin boruya görə heç bir xərc çəkməmiş, sadəcə cavabdehin həyətinə gedən su və kanalizasiya xəttlərin çəkərkən onun həyətinin metax və betonunu dağıtmışlar, sonra onun əvəzində cavabdeh tərəfindən dağıdılmış hissəyə beton tökülərək metlax vurulmuş, həmin işlərin görülməsinə görə isə təxminən 500-600 manat xərc çəkilmişdir. Sonda iddiaçı ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmdən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ilk iddianı rədd, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh yaşadığı evi alan zaman iddiaçının həyətində olan qaz borusu mövcud olmuşdur. 2009-cu ilin mart-aprel aylarında cavabdeh özünə məxsus evi təmir etdirərkən iddiaçıdan həyətinə çıxan borunun bir qədər yuxarı qaldırılmasına icazə verilməsini xahiş etmiş, sonuncuda buna etiraz etməmişdir. Cavabdeh isə bunun əvəzində iddiaçının evinin qarşısına metlax vurmuş, həyətin girişinə asfalt çəkmiş, divarlarını suvamış və cəmi 3000 manat xərc çəkmişdir. Bundan sonra onlar mehriban qonşu kimi uzun illər birlikdə yaşamışlar. Lakin cavabdehin əri vəzifədən çıxdıqdan sonra iddiaçı həmin boru ilə bağlı söz-söhbət yaratmağa başlamış və məhkəmədə iddia qaldırmış, buna görə də cavabdeh həmin boruya görə çəkdiyi 3000 manat zərərin ona qaytarılmasını tələb etmişdir. Bundan başqa iddiaçı iddia müddətini ötürərək 10 ildən sonra iddia qaldırmışdır. Sonda cavabdehin nümayəndəsi ilkin iddianın rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işmateriallarında olan: - 520 inventar işi nömrəli, xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, ünvan 2 ünvanındakı yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. - Fotoşəkillərdən görünür ki, cavabdehin evindəki istilik cihazının borusu iddiaçının həyətində çəkilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Çünki cavabdehin iddiaçının həyətində çəkdiyi istilik cihazının borusundan çıxan işlənmiş qaz, tüstü, borunun səs-küyü və natəmiz görünüşü iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olur. Belə ki, iddiaçı həmin boruya görə öz mülkiyyəti barəsində sərəncam verərək mülkiyyətini sata bilmir, evindən və həyətindən rahat şəkildə istifadə edə bilmir. Mülki qanunvericiliyə əsasən cavabdeh öz hüquqlarını həyata keçirərkən qonşusu olan iddiaçının mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidir. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən cavabdehdən mülkiyyətindən istifadəyə maneə olan hərəkətlərə son qoymağı tələb etmək hüququ vardır. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. - 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Cavabdeh tərəfindən iddiaçının həyətində çəkilmiş borunun cavabdehə məxsus ərazidə digər yerə köçürülməsinin texniki cəhətdən mümkün olub-olmadığının müəyyən edilməsi məqsədi ilə məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(044)-2612/2019 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın xx.xx.2020-ci il tarixli, 26860 saylı rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Bakıxanov küçəsi, döngə 1, ev 3-də quraşdırılmış istilik sobasının və boruların müvafiq mütəxəssislər tərəfindən tikinti-quraşdırma işləri aparılmaqla digər yerə köçürülməsi texniki cəhətdən mümkündür. Göründüyü kimi cavabdehin istilik sobasını və borularını həyətində digər yerə köçürməklə iddiaçının mülkiyyətinə maneəni aradan qaldırmaq mümkündür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarınmüdafiəsi haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasındamülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Cavabdeh iddiaçının həyətində çəkdiyi istilik sobası borusunun əvəzində iddiaçının həyətində 3000 manat məbləğində təmir işləri apardığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa cavabdeh ərizə verərək iddiaçı tərəfindən 10 illik ümumi iddia müddətinin keçdiyini bildirmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətçi olaraq mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasını tələb etdiyindən hazırkı iddia tələbinə iddia müddəti şamil edilməməlidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin olunaraq iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən ona məxsus evin həyətində çəkilmiş istilik cihazının borusu çıxarılmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavadehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehin özünə aid edilməli, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ: İlkin iddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən ona məxsus evin həyətində çəkilmiş istilik cihazının borusu çıxarılsın. İlkin iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) aykeçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar