Məhkəmə qərarları › İş №2(044)-164/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-164/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-164/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh6 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 26.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka faiz borcu üzrə 24699.84 manat, cərimə 5589.79 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1349.65 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 31639.28 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, Tutmanın Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 10 otaqlı, 547.7 kv.m ümumi, 255 kv.m yaşayış, 292.7 kv.m yardımçı sahədən ibarət 300-302 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 10 otaqlı, 547.7 kv.m ümumi, 255 kv.m yaşayış, 292.7 kv.m yardımçı sahədən ibarət 300-302 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 10 otaqlı, 547.7 kv.m ümumi, 255 kv.m yaşayış, 292.7 kv.m yardımçı sahədən ibarət 300-302 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə tuitma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 10 otaqlı, 547.7 kv.m ümumi, 255 kv.m yaşayış, 292.7 kv.m yardımçı sahədən ibarət 300-302 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, X7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı ASC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10.10.2011-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Gəncə” filialından 60 ay müddətinə 162000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 26.02.2013-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 22 faizlə 36 ay müddətinə 156000 manat məbləğində kredit götürmüş və kredit borcun təminatı olaraq X3 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospektində yerləşən, 10 otaqlı, 547.7 kv.m ümumi, 255 kv.m yaşayış, 292.7 kv.m yardımçı sahədən ibarət 300-302 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və 0.12 ha torpaq sahəsi 10.10.2011-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Hazırda Cavabdeh1 31.05.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 26.02.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka banka faiz borcu üzrə 24699.84 manat, cərimə 5589.79 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1349.65 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 31639.28 manat məbləğində borcu vardır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh6 məhkəmə iclasında bildirdi ki, iddia ərizəsi ilə razı deyildir. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.02.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 156000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsinin müddəti 2016-cı ildə bitmiş və iddiaçı hazırda iddia müddəti keçəndən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmədən hazırkı iş üzrə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh6 izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 10.10.2011-ci il tarixli 10-S-1-0-703-11 saylı əsas kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə 162000 manat məbləğində kredit verilmişdir. 26.02.2013-cü il tarixli 10-S-2-0-350-13 saylı əlavə kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 156000 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. 10.10.2011-ci il tarixli 10-S-1-0-703-11 (Sİ) saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 255 kv.m yaşayış, 292.7 kv.m yardımçı, 547.7 kv.m ümumi sahədən ibarət iki mərtəbəli, 10 otaqlı fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 16.07.2010-cu il tarixli ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvan Cavabdeh2 adına qeyd edilmişdir. 21.10.2011-ci il tarixli ******* saylı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 fərdi yaşayış evi 0.12 ha torpaq sahəsi ilə bilikdə "xxxx" İKB ASC-nin Gəncə filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası “X6” MMC-nin 21.10.2021-ci il tarixli 494 saylı hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən 255 kv.m yaşayış, 292.7 kv.m yardımçı, 547.7 kv.m ümumi sahədən ibarət iki mərtəbəli, 10 otaqlı fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinin likvid dəyəri 239200 manat təşkil edir. Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 20 fevral 2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MMnin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İşin hallarından görünür ki, Cavabdeh1 mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə rəsmi ərizə vermişdir. Mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi 26.02.2013-cü ildə 36 ay müddətinə bağlanmışdır. Mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. İş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Belə ki, iddiaçı tərəfindən nümayəndəsinin vermiş olduğu izahatdan, eləcə də iş üzrə təqdim etdiyi sənədlərdən müəyyən edilidi ki, iddiaçı bank artıq kredit müqaviləsi üzrə öz hüquqlarının pozulduğunu bilirdi və həmin müqaviləyə əsasən öz hüquqlarından istifadə edə bilərdi. Qeyd olunanlarla bağlı iddiaçının nümayəndəsinin izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bu mənada məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi məsələlərinə münasibət bildirilərkən ilk növbədə mübahisəli hüquq münasbətlərinin yarandığı vaxta xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə də, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». İş üzrə toplanmış sənədlər ilə təsdiq olunur ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin normannı aydınlaşdıran Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, «Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir, 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir, 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Daha sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, «Məsələni adınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi – hüquq tələbidir. Maddi – hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər». Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur, lakin məhkəmə hesab edir ki, qeyd olunan haldan asılı olmayaraq, iddiaçı Bank öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və bu səbəbdən də kredit borcunun ödənilməsi barədə tələbin irəli sürülməsi ücün iddia müddətini ötürdüyündən əsas öhdəlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə Cavabdeh3 20 fevral 2014-cü il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.04.2022-ci il tarixli 2(044)-164/2022 saylı qərardadı ilə mülki işə Cavabdeh3 münasibətdə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunan iddia müddəti açıq-aşkar ötürüldüyündən iddiaçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar