Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1660/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı xxxxnın Cavabdeh qarşı kredit xətti müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müarciət edərək, 11.03.2019u il tarixli MD-25698/1 № li Kredit xətti müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 589,84 manat məbləğində əsas borc, 11.03.2020-ci il tarixdən 16.03.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanmış 97,93 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 687,78 ( altı yüz səksən yeddi manat 78 qəpik) manat və 16.03.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlərin formasında əldən çıxmış faydanın əvəzi Cavabdeh iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edib bildirmişdir ki, ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış 11.03.2019-cu il tarixli MD-25698/1 № Kredit xətti müqaviləsinə (əmək haqqı kartı vasitəsilə) müvafiq olaraq iddiaçı tərəfindən borc alana 12 ay müddətinə, illik 20% ödənilməsi şərtilə, 600 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit xətti müqaviləsinin2.9-cu bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş müddətin sonuncu günündən gec olmayaraq tam olaraq Banka qaytarmağı, faizlərin son ödənişini isə 2.11-ci bəndə əsasən kreditin son ödənişi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kredit xəttinin verilməsi müddətinin bitdiyi tarixə, yəni 11.03.2020-ci il tarixinə kredit xətti üzrə əsas borc məbləğini tam şəkildə banka qaytarmamışdır. Həmin tarixə borc alanın kreditor qarşısında gecikdirilmiş ümumi borcu 589,84 manat olmuşdur ki, bunun da hamısını vaxtı keçmiş əsas borc məbləği təşkil etmişdir. Bundan əlavə Cavabdeh kredit xətti üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Bsnka kredit xətti müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi ilə penya da ödəməlidir ki, Bankın daxili qərarına əsasən Kredit xətti müqaviləsi üzrə cərimənin hesablanması dayandırılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödınilməsinin tələb edilməsinə daiq 20.08.220-ci il tarixli 263 № li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, borc alan tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmışdır. Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən , yəni 11.03.2020-ci il tarixdən 16.03.2021-ci il tarixə kimi, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əldə çıxmış faydanın hesablanmasında kredit xətti müqaviləsində nəzərdə tutulmuş əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (11.03.2020-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyitarixədək (16.03.2021-ci il) olan dövr üçün bu məbləğ 97,93 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan 11 mart 2019-cu il tarixli MD-25698/1 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh, ASC “Xalq” Bankı tərəfindən ona illik 20% faiz ilə 12 ay müddətinə açılmış 600 manatlıq kredit xətti üzrə krediti və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçının cavabdehdən borcu tələb etmək hüququ vardır. Bununla belə məhkəmə 11.03.2020-ci il tarixdən 16.03.2021-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanmış 97,93 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin və 16.03.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulması hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı həmin tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırılmışdır. Həmin maddənin məzmununa görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini və ya edəcəyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə 589,84 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 589 (beş yüz səksən doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində borc və 30 manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq iddiaçı xxxxna ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1660/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1660/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver