Məhkəmə qərarları › İş №2(044)-1689/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1689/2021

25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1689/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı qızının, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan 04.08.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1895/2011 saylı, 24.11.2011-ci il tarixli qətnaməsi ilə onun və Cavabdeh arasında olan nikah pozulmuş, cavabdehdən Nurayın saxlanması üçün hər ay 50 manat tutulub ona ödənilməsi qət edilmişdir. Həmin vaxtdan sonra cavabdeh birgə nikahlarından doğulmuş 04.08.2006-cı il təvəllüdlü X1 üçün alimentdən başqa heç bir maddi köməklik göstərməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1667/2017 saylı, 14.03.2017-ci il tarixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq ayda 100 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X3 15 yaşı var. Cavabdehin ödədiyi aliment uşağın təlabatlarını ödəmir. Bundan əlavə uşaq Hipermetropiya, daxili çəplik və amliopiya xəstəliyindən əziyyət çəkir. Bununla yanaşı müəyyən müddətdən bir müayinələrdən keçmək zərurətində olur. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh isıə övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə gecikmələrlə ödəyir. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, onun rəsmi iş yeri yoxdur. O, 100 manat alimenti çətinliklə ödəyir. Bundan əlavə o, ikinci dəfə ailə qurmuşdur və ikinci ailəsindən də bir övladı vardır. Hazırda alimentin məbləğinin 10 manat artırılmasını razıdır. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirmişdir ki, o, Cavabdeh ilə 09.02.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların bir uşaqları vardır. Ailənin yeganə gəlir gətirəni Zaurdur. Zaurun himayəsində xəstə müalicəyə ehtiyacı olan anası da var. Onun daimi iş yeri yoxdur. Hazırda Zaur fəhlə işləyir və aylıq qazancı 300-400 manat təşkil edir. Hazırda iddiaçıya ödədiyi 100 manat alimenti də çətinliklə ödəyir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 noyabr 2011-ci il tarixli 2(044)- 1895/11 saylı qətnaməsinə əsasən iddiaçının iddiası təmin edilmiş, Cavabdeh ilə Cəfərova (Qocayeva) Səbinə Hüseyn qızı arasında 15 may 2004-cü il tarixdə Gəncə şəhəri Nikah Evində bağlanmış və 121 saylı akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqları 04 avqust 2006-cı il təvəllüdlü X7 cavabdeh Cəfərova (Qocayeva) Səbinə Hüseyn qızının yanında saxlanılması, 24 noyabr 2011-ci il tarixdən başlayaraq 04 avqust 206-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Cəfərova (Qocayeva) Səbinə Hüseyn qızının xeyrinə uşağın saxlanması üçün, hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1667/2017 saylı, 14.03.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçının iddiası qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07.01.2015-ci il tarixli 2(044)-166/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 04.08.2006-cı ildə anadan olmuş Nuray adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahdan 04.08.2006cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. - Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah 12 yanvar 2011-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra arvada Qocayeva soyadı verilmişdir. - Respublika Müalicə Diaqnostika Mərkəzinin 12.11.2013-cü il tarixli oftalmoloji müayinənin nəticəsindən görünür ki, 04.08.2006-cı il təvəllüdlü X6 Hipermetropiya, daxili çəplik və amliopiya diaqnozu qoyulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci il üçün yaşayış minimumu uşaqlar üçün 136.6 manat məbləğində, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 175 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ikinci dəfə ailə həyatı qurmaq, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki, əqli və sosial cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərin olduğunu, alimentin tutulduğu 14.03.2017-ci il tarixdən bu günə qədər uşaqlar üçün yaşayış minumumunun təxminən 40 manat artıdığını, həmçinin həmin müddətdə ölkədə malların və xidmətlərin qiymətinin bahalaşdığını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay 150 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.03.2017-ci il tarixli 2(044)-1667/2017 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 04.08.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İş üzrə 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar