Məhkəmə qərarları › İş №2(044)-1732/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1732/2020

04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1732/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1028 manat əsas, 935.48 manat borcu olmaqla ümumi 1963.48 manat və dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 1028 manat əsas və 935.48 manat cərimə borcu olmaqla cəmi 1963.48 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixində alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə o, dəyəri 1399 manat olan İnline modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları cavabdehə satmışdır. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcı 55 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1344 manat isə hər ay 56 manat olmaqla 24 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtini pozaraq xx xxxxxx 2017-ci il tarixdən qalıq borcu ödəməkdən imtina etmişdir. Cavabdeh 1028 manat əsas, 935.48 manat cərimə borcu olmaqla ümumi 1963.48 manat borcu yaranmışdır. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - xx.xx.2017-ci il tarixli M 289 saylı alqı-satqı müqaviləsindən görünür ki, alıcı Cavabdeh İnline modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları 24 ay müddətinə hər ayın 15-i 56 manat ödəmək şərti ilə 1399 manata almışdır. – xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Proton firmasının istehsalı olan inline modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları təhvil almışdır. Satıcı bir ədəd Proton firmasının istehsalı olan İnline modelli, SR.KOD AA 14140 su təmizləmə sistemi, onun ayrılmaz tərkib hissələrini, zəmanət talonunu, istismar təlimatını alıcıya təhvil vermişdir. - Pretenziyadan görünür ki, xx.xx.2020-ci il tarixə borclunun əsas borc üzrə 1028 manat, müqavilənin 3.4.6. bəndinə əsasən qalıq borcunun faizlər üzrə 935.48 manat, cəmi 1963.48 manat borcu vardır. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 537-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, tərəflər arasındakı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı satdığı “İnline” modelli su təmizləmə sistemi və onun aksessuarlarını cavabdehə vermiş, lakin cavabdeh hissə-hissə ödəmək şərti ilə nisyə aldığı həmin malın dəyərini tam ödəməyərək öhdəliyinə tam əməl etməmişdir. Buna görə də iddiaçının verdiyi malın ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 10 manat müəyyən olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli M 289 saylı kredit müqaviləsi üzrə 1028 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 1038 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 17 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçi İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il tarixli M 289 saylı kredit müqaviləsi üzrə 1028 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 1038 (bir min otuz səkkiz) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 17 (on yeddi) manat məbləğində hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar