Məhkəmə qərarları › İş №2(044)-1756/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1756/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1756/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh Oktay oğluna qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxxxxxx» MMC-ti Cavabdeh Oktay oğluna qarşı «kredit borcu» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul edilmiş və müvafiq prosessual hərəkətlər edilmişdir. Mülki işin məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə saat 10:50-ə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Oktay oğlu xx xxxxxxx 2016-cı il tarixdə vəfat etmiş, bu barədə xx xxxxxxx 2016-cı il tarixdə 1725 nömrəli akt qeydi ilə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydiyyat aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 2(044)-1756/2020 saylı mülki iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh Oktay oğluna qarşı məhkəmədə iddia qaldırılan vaxt (xx xxxx 2016-cı il tarixdə) o öldüyündən (xx xxxxxxx 2016-cı il tarixdə) ona münasibətdə mülki işin icraatına xitam verilməlidir. Belə ki, iddia ölmüş şəxsə qarşı qaldırıla bilməz. Mülki Məcəllənin 25.2-ci maddəsində də göstərilir ki, fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyrimümkündür. Bundan başqa Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə iddia üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh Oktay oğlu tərəf kimi qəbul edilə bilməz. Çünki o, iddia ərizəsi məhkəməyə verilməmişdən əvvəl vəfat etdiyinə görə hazırkı işdə tərəf statusunu əldə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh Oktay oğluna qarşı «kredit borcu» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Məhkəmə xərci hesabına ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar