Məhkəmə qərarları › İş №2(044)-1777/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1777/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1777/2020 02.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 06A000011495 saylı kredit razılaşması üzrə 774.67 ABŞ dolları məbləğində kredit borcu, 175.44 ABŞ dolları məbləğində faiz borcu və 77.46 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1027 ABŞ dolları 57 sent məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin x xxxx 2018-ci il tarixli, 2(044)- 1364/2018 saylı məhkəmə əmrinə əsasən xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Vaqif küçəsi, 3-D, ev 12-də qeydiyyatda olan və yaşayan Cavabdeh1 və borclu-xx.xx.1943-cü ildə Gədəbəy rayonu, Qumlu kəndində anadan olmuş, Gəncə şəhəri Vaqif küçəsi, 3-cü döngə, ev 12-də qeydiyyatda olan və yaşayan X1 Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033 saylı ünvanda yerləşən İddiaçı-nin xeyrinə 006A000011495 saylı kredit razılaşması üzrə 774.67 ABŞ dolları məbləğində əsas borcun 175.44 ABŞ dolları məbləğində faiz borcun, 77.46 ABŞ dolları məbləğində cərimə borcun, cəmi 1027.57 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu tutulması qərara alınmışdır. Borclu Cavabdeh2 ərizə ilə müraciət edərək, məhkəmə əmrinin ləğv edilməsini və materialların iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1777/2020 saylı qərardadına əsasən məhkəmə əmri ləğv edilmiş, ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında Cavabdeh2 oğlu, digər Cavabdeh1 AZ-İ seriyalı, 316023 nömrəli ölüm haqqında şəhadətnaməsini təqdim etmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(044)1777/2020 saylı qərardadına əsasən Cavabdeh1 vəfat etdiyi üçün ona aid hissədə iddiaya xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, iddiaçı “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xx.xx.2008-ci il tarixli 06A000011495 saylı kredit müqaviləsi əsasında 18 ay müddətinə, aylıq faiz drəcəsi 3 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır. O, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 225.33 ABŞ dolları ödəmiş, onun 774.67 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılması kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit borcunu İddiaçı-ya qaytarmağı üçün xx.xx.2018-ci il tarixə hesablanmış faiz borcu 175.44 ABŞ dolları təşkil edir. Eyni zamanda Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və bu müqavilələrə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçının Cavabdeh1 vəfat etməsindən məlumatı olmamışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 vəsatət ilə məhkəməyə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürüldüyünə görə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 vəsatətini onunla əsaslandırmışdır ki, onun oğlu Cavabdeh1 2008-ci il tarixində 18 ay müddətinə İddiaçıdən kredit götürmüş, Cavabdeh1 x xxxxxx 2008-ci il tarixdə vəfat etmiş, oğlu vəfat etdikdən sonra kreditə ödəniş edilməmişdir. Mülki iş materiallarında olan: - “xxxxxxxxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xx.xx.2008-ci il tarixli 06A000011495 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 1000 ABŞ dolları məbləğində kredit verilmişdir . - xx.xx.2008-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 “xxxxxxxxxx” QSC-dən 1000 ABŞ dolları kredit götürmüşdür. - xx.xx.2018-ci il maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 “xxxxxxxxxx” KB QSC-yə 774.67 ABŞ dolları əsas borc, 175.44 ABŞ dolları faiz borcu, 77.46 ABŞ dolları cərimə borcu ümumilikdə 1027.57 ABŞ dolları borcu vardır. - xx.xx.2008-ci il tarixli, 06G000009232 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2008-ci il tarixli 06A000011495 saylı kredit müqaviləsinin təminatı kimi “xxxxxxxxxx” QSC ilə Cavabdeh2 arasında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh Ç.İ.Məmməmdəliyeva tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İşin faktiki halları ilə təsdiq olunur ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2008ci il tarixdə bağlanmış, müqavilənin 18 ay müddətinə bağlanması nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2009-cu il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiq olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. - 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd olunan hüquq normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur. Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir” müddəası onu göstərir ki, şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi yalnız iddia müddəti daxilində baş verdikdə həmin müddətin axımının kəsilməsinə səbəb olur. Çünki müddət bitdikdən sonra həmin müddətin axımının kəsilməsi mümkün deyildir və məntiqə ziddir. Mülki Məcəllənin 383-cü maddəsinin adı (İddia müddəti bitdikdən sonra vəzifənin icrası) isə bu mübahisənin həllini bir daha konkretləşdirir, yəni, həmin maddədə iddia müddətinin keçdikdən sonra vəzifənin icrasının hüquqi nəticəsi əks olunur, həmin hüquqi nəticə isə yalnız borclunun iddia müddəti keçdikdən sonra borcu ödəmişsə icra etdiyini geri tələb edə bilməməsindən ibarətdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2009-cu il tarixdə başlanmış və xx.xx.2012-ci il tarixdə bitmişdir. İddiaçı “xxxxxxxxxx” QSC isə iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən Cavabdeh2 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2008-ci il tarixdə 18 ay müddətinə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2009-cu il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində, yəni xx.xx.2010-cu il tarixə qədər kreditor İddiaçı zamin Cavabdeh2 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh2 qarşı iddia tələbi əsassız olduğuna görə də rədd edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) aymüddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar