Məhkəmə qərarları › İş №2(044)-181/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-181/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-181/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Gəncə şəhəri X4 (X9 Mərkəzi MMC) qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X1 xəstəliyi ilə əlaqədar Gəncə şəhəri Mərkəzi Klinikanın həkimi Səbinə xanımın səhlənkarlığı ucbatından xərclədiyi 5000 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, xx.xx.2020-ci ildə qızı X1 qarın nahiyyəsində ağrılar olduğu üçün Gəncə şəhəri X4 aparmışdır. Xəstəxanada uşağı müayinə etdikdən sonra bildirmişlər ki, uşağın böyrəyində infeksiya olduğu üçün qızdırması var və ağrıları kəsmir. Ona uşağı təcili Bakı şəhərinə aparmağı məsləhət bilmişlər, Gəncə şəhər Mərkəzi Xəstəxananın həkimi Səbinə telefonla “HB Güven” klinikasının Zaur adlı həkimi ilə onun yanında əlaqə saxlamış və bildirmişdir ki, ora xəstə göndərir. xx.xx.2020-ci il tarixdə onlar uşağı Bakı şəhərinə aparmış, “HB Güven” klinikasına çatan kimi uşaqdan analiz götürülmüş, 3 gündən sonra bildirdmişlər ki, uşağın böyrəyi təmizdi və bağırsaq nahiyəsindən cərrahiyə əməliyyatı olunmalıdır. Bundan sonra qızı Mədinə kor bağırsaqdan əməliyyat olunmuş və yaxşılaşmışdır. O, Mərkəzi Klinikaya müraciət edərkən 200 manat pul ödəmiş, lakin “HB Güven” klinikasında uşağın analizləri üçün 1500 manat pul ödəmişdir. Həmçinin qızı Mədinə kor bağırsaqdan əməliyyat olunmaq üçün o, “HB Güven” klinikasına 2200 manat ödəmişdir. Gəncə şəhərində Səbinə xanımın səhlənkarlığı ucbatından 1700 manat əlavə pul xərcləmiş və onun uşağı bu müddət ərzində əzab çəkmişdir. Odur ki, həkim Səbinə xanımın səhlənkarlığı ucbatından xərclədiyi 5000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xəstəxanaya müraciət etdikdən sonra qızının analizləri götürülmüş, müayinələrdən keçirilmiş və xəstənin böyrəyində infeksiya olması ehtimal edilmiş, lakin Səbinə həkim uşaqlara baxmadığını, buna görə də ixtisas həkimi kimi Bakı şəhərində “HB Güven” klinikasında Zaur həkimi məsləhət görmüş, iddiaçı da xəstəxanadan çıxaraq Bakı şəhərinə getmişdir. Əgər onların ehtimalı düzgün olmasa idi, “HB Güven” klinikasında da xəstəni 3 gün böyrəyindən müalicə etməzdilər, orada müayinənin cavabları ilə edilən müalicənin nəticə vermədiyini gördükdən sonra xəstənin qarın boşluğu cərrahi yolla diaqnostik məqsədlə açılaraq birbaşa müayinə aparılmış, bundan sonra bağırsaqda iltihablaşma müşahidə olunduğu üçün əməliyyat olunmuşdur. Xəstənin onların xəstəxanasına daxil olarkən ilkin analiz, USM və KT müayinələrində bağırsaq nahiyəsində iltihablaşma olması müşahidə olunmamışdır. Həmçinin ekspert rəyində də bu fakt öz təsdiqini tapmışdır. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - X15 xəstaxanasının xx.xx.2020-ci il tarixli Rentgen müayinə protokolundan görünür ki, xəstə X1 döş qəfəsinin rentgenoqrafiyası arxa-ön proyeksiyada çəkilmiş, döş qəfəsi orqanlarının icmal Rentgenoqrammasında, döş qəfəsinin forması normostenikdir, qabıraarası sahələr və onların istiqaməti dəyişməmişdir. Görünən sümüklərdə destruktiv və travmatik dəyişikliklər qeyd olunmur. Ağciyər sahələrində pnevmatizasiya müqayisədə dəyişməmişdir, ocaqlı infiltrativ-iltihabi kölgəliklər aşkar edilmir. Ağciyərlərin damar şəkli norma daxilindədir. Köklər strukturludur. Divararalığı və bronxətrafı limfa düyünlərinin böyüməsi qeyd olunmur. Diofraqma qubbələri adi formadadır, kənarları hamardır, səviyyəsi dəyişməişdir. Kostofrenik sinuslar sərbəstdir. Ürək hüdudları norma daxilindədir. Nəticə: Rentgenoqrafiya müayinəsində, döş qəfəsi orqanları norma daxilindədir. - X16 xəstaxanasının xx.xx.2020-ci il tarixli xəstə X1 çanaq orqanlarının USM müayinəsi nəticəsindəndən görünür ki, hər iki böyrəyin yerləşməsi normaldir. Sağ böyrək 129x51 mm, sol 131x50 mm ölçüsündədir. Parenximasinin qalınlığı normaldır, konturları düzgündür, exoquruluşlu homogendir. Hər iki böyrəkdə kasacıqlarda tək-tək kristallar müşahidə olunur. Nəzərə çarpan daş izlənilir. Sağ böyrəkdə ləyən AP-15mm genişlənmişdir. Böyrək üstü lojaları normaldır. Qarın böşluğunda sərbəst maye aşkar edilməmiş. Nəzərə çarpan bağırsaq meteorizmi qeyd olunmuşdur. Sidik kisəsi divar qalınlığı normaldır, daxilində nəzərə çarpan daş və ya törəmə aşkar edilməmişdir. Hər iki ureterdən sidik atışı izlənilir. Uterus orta xətdə yerləşir, ölçüləri 31x26x25 mm, miometrium homogendir. Endometrium 4mm qalınlığında olub, daxilində maye və ya törəmə aşkar edilməmişdir. Sağ over 43x21mm, sol 38x21mm ölçüsündədir. Çanaq daxilində kistik və ya solid törəmə izlənilmir. Douqlasda sərbəst maye izlənilməmişdir. - xx.xx.2002-ci il tarixli HB Güven Klinikasının ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xəstə X3 xəstəxanaya xx.xx.2020-ci il tarixdə daxil olmuş, diaqnozu sağ yumurtalığının sisti. Kataral appendisit.K35.N83.2, şikayətləri: ümumi halsızlıq, ürək bulanma, yüksək hərarət, qarında ağrı, sidik ifrazının ağrılı olması. Anemnesis morbi:uşaq bir neçə gündür ki, xəstədir, bədən hərarəti 38.5 və yüksək olmuşdur, valideynləri tərəfindən klinikaya gətirilmiş, Anemnesis vitae: irsi, zöhrəvi, vərəm xəstəlikləri imtina edilir. Status praesens: vəziyyəti kafidir, huşu aydındır, tənəffüsü sərbəst, bir qədər təngənəfəsdir. Ağciyər üzərində, auskultasiyada bir qədər sərtləşmiş tənəffüs eşidilir. AT 90/60, PS99, dəri örtükləri avazımış, qurudur, qarın ağrılıdır. Müayinələr laborator instrumental infeksiyalar neqativ. Cərrahi müalicə: xəstə sağ yumurtalığın hissəvi rezeksiyası.Appendektomiya cərrahi əməliyyatı icra olunmuşdur. Nəticə: Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstəyə ümumi möhkəmləndirici, ağrıkəsici, antibakterial müalicə tətin olunub ambulator müalicəyə yazılmışdır. - xx.xx.2020-ci il tarixli HB X7 orqanların USM-si görünür ki, Qara ciyərin ölçüləri normal, exostrukturası homogebdir. Parenximdə ocaqlı dəyişiklik qeyd olunmamışdır. Öd kisəsi ölçüləri normal, divarları 3mm-dən qalın deyil, öd möhtəviyyatı normaldır. Ümumi öd axarı dəyişikliksizdir. Mədəaltı vəz ölçüləri normal, exogenliyi normal, exostrukturası homogendir.Pankreas axacağı dəyişikliksizdir. Dalaq ölçüləri normalın yuxarı həddində (12.7 sm) olub, exogenliyi normal, exostrukturası homogendir. Hər iki böyrəküstü vəz nahiyyəsində pataloji görünüş aşkar olunmamışdır. Hər iki böyrək yerləşməsi və ölçüləri normal, medulyar sinus diferensasiyası aydındır, parenxima normal qalınlıqdadır, kasa ləyən sistemində sol tərəfdə minimal dolğunluq və sağ tərəfdə ləyəndə 11 mm ilə minimal genişlənmə (ekstrarenal pelvis) izlənmişdir. Sidik kisəsi doluluğu natamam olub, divarları və mənfəzi normal görünüşlüdür. Uşaqlıq ölçüləri və strukturu normal olub, endometriyum qalılığı 2.5 mm ölçülmüşdür. Hər iki yumurtalıq lokalizasiyasında ölçüləri artmış (saö 30 ml, sol 25 ml həcmdə) və exogenliyi azalmış heterogen görünüş izlənmişdir. Görünüş iltihabı yumurtalıq xəstəliyi kimi qiymətləndirilmişdir. Duqlasda minimal fizyoloji maye izlənmişdir. Appendiks vermiformis tam olaraq visuallaşmamaqla yanaşı, appendist lehinə divarları qalınlaşmış bağırsaq seqmenti izlənməmişdir. Qarın boşluğunda sərbəst və ya toplanmış (abses) maye izlənməmişdir. - Gəncə şəhəri, Endokrinoloji xəstəxanasının xx.xx.2020-ci il tarixli Səthi toxuma Ultrasonografiya müayinəsinin nəticəsindən görünür ki, sağ iliosekal nahiyyədə aparılan USM zamanı appendiks 6.5 mm olaraq dəyərləndirildi (N ≤ 6mm). Ətraf və regional limf düyünlərində genişlənmələr izlənmədi. Müayinə sahəsinə daxil olan bağırsaq elementlərində- ilgəklərdə hiperperistaltika izləndi. - xx.xx.2020-ci il tarixli HB Güven Klinikasının elektrokardioqrafik müayinə protokolundan görünür ki, X13 mədəcikdə yayğın repolyarizasiya pozğunluğu-yüklənmə diaqnozu qoyulmuşdur. Mülki iş üzrə iddiaçının qızına Gəncə şəhəri X2 müayinə edildikdən sonra böyrək infeksiyası diaqnozunun düzgün qoyulub-qoyulmasını və həmin vaxt müayinələrdə xəstənin bağırsağında iltihablaşmanın müşahidə olunmasının mümkün olub-olmadığını müəyyən etmək məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1524/2020 saylı qərardadına əsasən məhkəmə – tibbi ekspertizası təyin olunmuşdur. Ekspertizanın xx.xx.2020-ci il tarixli, 576/KEŞ saylı rəyində qeyd olunmuşdur ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən X6 xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Mərkəzi Klinikaya müraciət etmiş və həmin tarixdə aparılmış laborator tədqiqatın onda iltihabi proses, ultrasəs və KT-də isə böyrəklərində patoloji dəyişiklərin olduğu düzgün qeyd edilmişdir. X3 xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Mərkəzi Klinikada aparılmış KT müayinəsi zamanı onda nazik və yoğun bağırsağında neoplazik parosesin olduğu müəyyən edilməmişdir. Mədə-Bağırsaq xəstəliklərinin diaqnostikası xəstəliyin kliniki gedişatından asılı olaraq müəyyən edilir və ilkin mərhələdə bağırsaqlarda iltihabi proses özünü büruzə verməyə bilərdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki iddiaçı qızı Mədinəyə Gəncə şəhəri X2 düzgün diaqnoz qoyulmadığını və həmin xəstəxananın həkimi Səbinə xanımın səhlənkarlığı ucbatından 5000 manat pul xərclədiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin ekspert rəyində də Gəncə şəhəri X8 tərəfindən iddiaçının qızına düzgün diaqnoz qoyulduğu, bağırsaqlarda iltihabi prosesin kliniki gedişatdan asılı olduğu, ilkin mərhələdə özünü büruzə verməyə biləciyi qeyd edilmişdir. Mülki qanunvericiliyə əsasən iddiaçı cavabdehin işçilərinin təqsiri nəticəsində dəymiş zərəri tələb edə bilər, cavabdeh işçisinin vurduğu zərər üçün məsuliyyət daşıyır və həmin zərərin əvəzini ödəməlidir. Lakin işin faktiki hallarından müəyyən olunur ki, cavabdehin işçilərinin təqsiri nəticəsində iddiaçıya zərər dəyməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, cavabdeh və ya onun işçilərinin təqsiri nəticəsində iddiaçıya zərər dəymədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117 və 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Gəncə şəhəri X4 (X9 Mərkəzi MMC) qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar