Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-183/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı X2 və onun vəkili X8 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı «dəymiş maddi ziyanınm ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı «dəymiş maddi ziyanınm ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qapının sındırılmasına görə 350 ABŞ dolları, 170 manat kirayə haqqının, 51 manat kommunal xərclərin, 300 manat dəyərində sındırılmış əşyaların dəyərinin və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşı X6 ilə 32 il birgə yaşamış, xx.xx.2001-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər və onun həyat yoldaşı Çingiz Həsənov xx.xx.2016-cı il tarixdə uzun sürən xəstəlikdən sonra Şəmkir rayonu, Düzqışlaq (Təzəkənd) kəndində vəfat etmişdir. Onlar birgə nikahları dövrdə ünvan 1 17 saylı ünvanda yerləşən 4 otaqlı mənzili almış və o, həmin mənzili bir neçə ildir ki, kirayəyə verir. Təxminən 8 ay bundan əvvəl o, həmin mənzili kirayəyə vermək üçün Mahmud adlı maklerlə əlaqə saxlamış və Mahmudun vasitəsi ilə həmin evi Cavabdeh ayı 150 manata kirayəyə vermiş, bir neçə aydan sonra Cavabdehlə razılaşaraq kirayə haqqını 170 manata razılaşmışlar. xx.xx.2019-cu il tarixdə şəxsi işləri ilə əlaqədar vətəndaşı olduğu Ukrayna Respublikasına getmiş və xx.xx.2020-ci il tarixdə qayıdıb gəlmişdir. O, kirayə pulunu almaq üçün Cavabdeh ********** mobil nömrəsinə dəfələrlə zəng etmiş, lakin Cavabdeh onun zənglərinə cavab verməmiş, cavabdehin bu hərəkətlərindən şübhələnərək mənzilə baxış keçirmək üçün getmiş, lakin mənzilin 350 ABŞ dollar dəyərində qapısının və kilidinin sındırılmasının şahidi olmuş, həmin vaxt o, mənzilə daxil ola bilməmiş və Cavabdeh yenidən zəng etmiş, 170 manat kirayə haqqını və 51 manat kommunal xərcləri ödəməsini tələb etsə də, cavabdeh ona həmin pulları verməyəcəyini və bir daha ona zəng etməməyi bildirmişdir. Əlavə olaraq cavabdeh mənzildə olan və ona məxsus 300 manat dəyərində bir sıra əşyaları da sındıraraq yararsız hala salmışdır. İddiaçı X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X11 məhkəmə iclasında iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 17 saylı mənzil X4 adına qeyd edilmişdir. xx.xx.2016-cı il tarixdə Şəmkir rayonu, Düzqışlaq kənd X13 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. xx.xx.2002-ci il tarixdə Ukrayna Respublikası, Xarkov şəhər ədliyyə idarəsinin VVAQ Kiyev rayon şöbəsi tərəfindən verilmiş nikh haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X1 nikahları xx xxxx 2001-ci il tarixdə 401 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə 175 saylı Evlər Üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, X5 həqiqətən Gəncə şəhəri, Xəmsə küçəsi, 39 saylı evdə yaşayır. xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 Cavabdeh qarşı şikayəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə Azərsu ASC tərəfindən verilmiş Abonent kartının surətindən görünür ki, X4 adına olan ünvan 2 17 saylı mənzilə dair su sərfiyyatına görə Azərsuya olan borc 51 manat təşkil edir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası “X7” MMC tərəfindən verilmiş 25 saylı rəydən görünür ki, ünvan 2 17 saylı mənzilin dəmirdən olan giriş qapısının qıfılının qabaq hissəsi əzilmiş, üzünün rəngi iç və çöl tərəfdən cızılmış və qopmuş və dəymiş zərər bazar qiymətləri nəzərə alınmaqla dəmirçi xərçi 50 manat, rəngsaz xərci 100 manat, cəmi 150 manat təşkil. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Gəncə şəhəri “xxxx” MMC tərəfindən verilmiş 02/06 saylı məktubdan görünür ki, ünvan 2 17 saylı ünvanda yerləşən mənzilin giriş qapısı “Xonçalı dəmir seyf qapı”-dır və buna oxşar qapıların hazırkı bazar qiyməti təxminən 500 manat təşkil edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 2 17 saylı ünvanda yerləşən mənzilin giriş qapısının və kilidinin sındırılması nəticəsində iddiaçı X3 500 manat məbləğində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh iddiaçıya məxsus mənzildə kirayədə qaldığı müddət ərzində su sərfiyyatına görə 51 manat və kirayə haqqı üzrə isə 170 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə iddia tələbindən göründüyü kimi iddiaçı mənzilinin giriş qapısının və kilidinin sındırılması nəticəsində əmlakına vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 350 ABŞ dolları məbləğində qiymətləndirir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı onun əmlakına məhz 350 ABŞ dolları məbləğində zərər vurulduğunu təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi kimi zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və iddia tələbi həmin məbləğdə (500 mant) təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 300 manat dəyərində sındırılmış əşyaların dəyərinin ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı həmin hissələrə dair subutlar məhkəməyə təqdim etmədiyindən iddia tələbinin həmin hissədə təmin edilməsi istisnadır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehdən iddiaçıya məxsus ünvan 2 17 saylı ünvanda yerləşən mənzilin giriş qapısının və kilidinin sındırılması nəticəsində dəymiş 500 manat məbləğində maddi ziyan, eyni zamanda iddiaçıya məxsus mənzildə kirayədə qaldığı müddət ərzində su sərfiyyatına görə 51 manat və kirayə haqqı üzrə 170 manat, cəmi 721 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq pul alınaraq iddiaçıya verilməlidir. . Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat maddi ziyan, ünvan 2 17 saylı ünvana dair 170 manat kirayə haqqı və su sərfiyyatına görə 51 manat, cəmi 721 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-183/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-183/2021
02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver