Məhkəmə qərarları › İş №2(044)-1836/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1836/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1836/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış 25.10.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 2935.82 manat kredit borcu, 339.17 manat faiz borcu və 956.06 manat cərimə olmaqla, ümumilikdə cəmi 4231.05 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25.10.2019-cu il tarixdə bağladığı 006A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2.833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3600 manat məbləğində kredit götürmüşdür. Sonuncu kredit müqaviləsinin tələbini pozaraq ödəmələri dəfələrlə yubatmış, kredit müqaviləsi üzrə 25.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 664.18 manat ödəniş etmiş və iddiaçıya 2935.82 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 26.02.2021-ci il tarixə 185 gün üçün hesablanmış fazi borcu 339.17 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmaqdıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 26.02 2021-ci il tarixə 185 gün üçün hesablanmış cərimə 956.06 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Sonuncu həmin zaminlik müqviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq 2.0833% dərəcəsi ilə 36 ay müddətinə 3600 manat məbləğində kredit verilmişdir. - 25 oktyabr 2019-cu il tarixli, 006G**********01 saylı zaminlik müqavilələrindən görünür ki, 25 oktyabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 ilə arasında müqavilə bağlanmış və borclu Cavabdeh2 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 08.04.2021-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 25 oktyabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə İddiaçı KB QSC-yə 2935.82 manat əsas borc, 339.17 manat faiz borcu, 956.06 manat cərimə borcu ümumilikdə 4231.05 manat borcu vardır. - 03.09.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə 006A********** saylı kredit müqaviləsi üzrə cərimə azaldılaraq 20 manat müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, o, da iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 25 oktyabr 2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinə xitam verilməli, 2935.82 manat məbləğində əsas borcu, 339.17 manat məbləğində faiz borcu və 20 manat cərimə, cəmi 3294,99 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 22 manat məbləğində hissəsi müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25.10.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2935.82 manat məbləğində əsas borcu, 339.17 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla cəmi 3294 (üç min iki yüz doxsan dörd) manat 99 (doxsan doqquz) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 22 (iyirmi iki) manatı tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar