Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1844/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı plitə, soba, Samsung markalı soyuducu üçün 2520 manat ödənilməmiş hissə, 714 manat dəbbə pulu, 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED televizor üçün 1134 manat ödənilməmiş hissə, 302 manat dəbbə pulu, ümumilikdə 4670 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddanı müdafiə edərək bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə 25.10.2019-cu il tarixli və 18.11.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı piltə, soba, Samsung markalı soyuducu və Samsung LED markalı televizor almış və nəticədə 4670 manat borcu yaranmışdır. 25.10.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 3014 manat (18 ay x 140 manat, 494 manat ilkin ödəniş) olan HOFFMANN markalı piltə, soba, Samsung markalı soyuducu üçün ümumilikdə 3234 manat olmaqla ondan, 2520 manat ödənilməmiş hissə, 714 manat dəbbə pulu; 18.11.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 1134 manat (18 ay x 63 manat, 0 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün ümumilikdə 1436 manat olmaqla ondan, 1134 manat ödənilməmiş hissə, 302 manat dəbbə pulu hesablanmışdır Cavabdehin cəmi ödədiyi məbləğ 494 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, həmin əşyaları tanışı üçün öz adına almış, ödənişləri isə həmin tanışı etmişdir. Lakin hazırda həmin tanışını tapa bilmir. O, əsas borc məbləği ilə razıdır, lakin cərimənin azaldılmasını xahiş edir. Sonda iddianın qismən təmin olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 25.10.2019-cu il tarixli 01003442 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 3014 manat olan HOFFMANN markalı piltə, soba, Samsung markalı soyuducu üçün ayda 140 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 25.10.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 30.11.2019-cu il tarixdən 30.04.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 30-da tarixində ayda 140 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.11.2019-cu il tarixli 01058948 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 1134 manat olan Samsung LED televizor üçün ayda 63 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 18.11.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 21.01.2020-ci il tarixdən 21.06.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 21-də tarixində ayda 63 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. - 02.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.10.2019-cu il tarixli müqavilə üzrə 2520 manat ödənilməmiş hissə, 714 manat cərimə, ümumilikdə ödənilməmiş məbləğ 3234 manat, 18.11.2019-cu il il tarixli müqavilə üzrə 1134 manat ödənilməmiş hissə, 302 manat cərimə, ümumilikdə 1436 ödənilməmiş məbləğ, cəmi 4670 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinin ən əsas şərti əşyanın alıcının mülkiyyətinə verilməsi və həmin əşyanın qiymətinin alıcı tərəfindən ödənilməsidir. Nisyə alqı-satqı müqaviləsi bağlanarkən ilk növbədə əşyanın qiyməti müəyyən edilməli, daha sonra isə onun ödəniş qaydası razılaşdırılmalıdır. Yəni əşyanın ödəniş qaydası əşyanın müqavilə ilə müəyyən edilmiş qiymətinin ödənilməsinə xidmət etməlidir. Lakin tərəflər arasında bağlanmış müqavilədə əşyanın qiyməti başqa məbləğdə göstərilir, ödəniş qrafikinə uyğun hesablandıqda isə başqa məbləğ ortaya çıxır. 25.10.2019-cu il tarixli Müqavilədə satılan HOFFMANN markalı piltə, soba, Samsung markalı soyuducunun və zəmanətlərin cəmi qiyməti 2777 manat göstərildiyi halda həmin məbləği 18 aya böldükdə iddiaçı 140 manat almışdır. Halbuki, 18 ay ərzində 140 manat ödənildikdə alınan məbləğ 2520 manatdır və əlavə 494 manat ilkin ödənişlə birlikdə qiymət 3014 manatdır. Bu zaman HOFFMANN markalı piltə, soba, Samsung markalı soyuducunun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 237 manat, başqa sözlə 8,5 % fərq vardır. Həmçinin 18.11.2019-cu il tarixli müqavilədə satılan Samsung LED televizorun və zəmanətin cəmi qiyməti 972 manat göstərildiyi halda həmin məbləği 18 aya böldükdə iddiaçı 63 manat almışdır. Halbuki, 18 ay ərzində 80 manat ödənildikdə alınan məbləğ 1134 manatdır. Bu zaman Samsung LED televizorun qiyməti ilə ödənilməsi tələb edilən məbləğ arasında 162 manat, başqa sözlə 16,6 % fərq vardır. Göründüyü kimi iddiaçı malın və xidmətlərin qiymətini müqavilədə konkret razılaşdırmalarına baxmayaraq nəyə əsasən cavabdehdən razılaşdırılmış qiymətlərdən əlavə ödəniş tələb edilməsini əsaslandırmamışdır. Ödəniş cədvəlinin tərəflər arasında razılaşdırılması və müqavilənin tərkib hissəsi olması iddiaçının tələbinin əsaslı olmasına dəlalət edə bilməz. Çünki ödəniş cədvəli malın qiymətini yox, onun ödənilməsi qaydasını müəyyən edir. Başqa sözlə, malın qiyməti ödəniş cədvəlinə yox, ödəniş cədvəli malın qiymətinə uyğun olmalıdır. İddiaçının nümayəndəsinin nağd və nisyə satış qiymətlərinin arasında fərq olması ilə bağlı gətirdiyi dəlil də əsaslı deyildir. Belə ki, müqavilədə malın qiyməti qrafasında yalnız bir qiymət göstərilmişdir. Nağd və nisyə satış qiymətlərinin arasında fərq olacağı ilə bağlı müqavilədə heç bir şərt nəzərdə tutulmamışdır. İddiaçı mallların və xidmətlərin cavabdehə cəmi 4148 manata satıldığını və cavabdehin 494 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə yuxarıdakı mövqeyə uyğun olaraq hesab edir ki, iddiaçının satdığı mal və xidmətlərin müqavilədə konkret olaraq qiymətləri göstərildiyindən, həmin qiymətə əlavənin hesablanması üçün heç bir hüquqi əsas müəyyən edilmədiyindən iddiaçının tələbi yalnız mal və xidmətlərin müqavilə ilə təsbit edilmiş qiymətləri çərçivəsində əsaslı hesab edilməlidir. Buna görə də məhkəmə iddiaçının cavabdehdən aldığı mal və xidmətlərə görə 25.10.2019-cu il tarixli müqavilə üzrə 2777 manat (360+700+1400+46+90+181) puldan ödədiyi 494 manatı çıxaraq qalan 2283 manat pulun, 18.11.2019-cu il tarixli müqavilə üzrə 972 manat (900+72) pulun tutulmasını əsaslı hesab edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 18.11.2019-cu və 25.10.2019-cu il tarixli müqavilələrin əlavələrində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə 25.10.2019-cu il tarixli müqaviləyə əsasən 714 manat cərimə azaldılaraq 35 manat, 18.11.2019-cu il tarixli müqaviləyə əsasən 302 manat cərimə azaldılaraq 15 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 25.10.2019-cu il tarixli müqaviləyə əsasən 2283 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, 18.11.2019-cu il tarixli müqaviləyə əsasən 972 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, ümumilikdə 3305 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 25.10.2019-cu il tarixli müqaviləyə əsasən 2283 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, 18.11.2019-cu il tarixli müqaviləyə əsasən 972 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, ümumilikdə 3305 (üç min üç yüz beş) manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1844/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1844/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver