Məhkəmə qərarları › İş №2(044)-1846/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1846/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1846/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 04.07.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 1425 manat ödənilməmiş hissə, 427 manat dəbbə pulu, 20.07.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor, Sonorous Surefix markalı asqı üçün 894 manat ödənilməmiş hissə, 264 manat dəbbə pulu, ümumilikdə 3010 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddanı müdafiə edərək bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə 04.07.2019-cu il tarixli, və 20.07.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu və LG LED markalı televizor, Sonorous Surefix markalı asqı almış və nəticədə 3010 manat borcu yaranmışdır. 04.07.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 1710 manat (18 ay x 95 manat, 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə 1852 manat olmaqla ondan, 1425 manat ödənilməmiş hissə, 427 manat dəbbə pulu, 20.07.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 1134 manat (18 ay x 63 manat, 0 manat ilkin ödəniş) olan LG LED markalı televizor, Sonorous Surefix markalı asqı üçün ümumilikdə 1158 manat olmaqla ondan, 894 manat ödənilməmiş hissə, 264 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 525 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 04.07.2019-cu il tarixli 00760507 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 1710 manat olan Samsung markalı soyuducu üçün ayda 95 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 04.07.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 10.08.2019-cu il tarixdən 10.01.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 10-u tarixində ayda 95 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.07.2019-cu il tarixli 00794375 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 1134 manat olan LG LED markalı televizor, Sonorous Surefix markalı asqı üçün ayda 63 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 20.07.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 25.08.2019-cu il tarixdən 25.01.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 25-i tarixində ayda 63 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.07.2019-cu il il tarixli müqavilə üzrə 285 manat ödənilmiş məbləğ, 1425 manat ödənilməmiş hissə, 427 manat cərimə, ümumilikdə 1852 manat ödənilməmiş məbləğ, 20.07.2019-cu il tarixli müqavilə üzrə 240 manat ödənilmiş məbləğ, 894 manat ödənilməmiş hissə, 264 manat cərimə, ümumilikdə 1158 manat ödənilməmiş məbləğ, cəmi 3010 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının həmin müqavilələr üzrə yaranmış borcu cavabdehdən tələb etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə pulu azaldılaraq 04.07.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 20.07.2019-cu il tarixli müqavilə üzrə 6 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 04.07.2019-cu il tarixli müqavilə üzrə 1425 manat əsas, 10 manat cərimə, 20.07.2019-cu il tarixli müqavilə üzrə 894 manat əsas, 6 manat cərimə olmaqla, cəmi 2335 manat pulu və ödənilmiş 30 manat dövlət rüsumunun 22 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04.07.2019-cu il tarixli müqavilə üzrə 1425 manat ödənilməmiş hissə, 10 manat cərimə, 20.07.2019-cu il tarixli müqavilə üzrə 894 manat ödənilməmiş hissə, 6 manat cərimə olmaqla ümumilikdə 2335 (iki min üç yüz otuz beş) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 22 (iyirmi iki) manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar