Məhkəmə qərarları › İş №2(044)-1847/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1847/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1847/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 05.09.2019-cu il tarixli müqviləyə əsasən, İMEİ kodu **********30220 Samsung Galaxy A10 markalı telefon üçün 52 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 29.12.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49832 Samsung Galaxy A10 markalı telefon üçün 135 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 24.03.2020-ci il tarixli müqviləyə əsasən Samsung markalı televizor üçün 2249,8 manat ödənilməmiş hissə, 10 manat dəbbə miqdarında borc, ümumilikdə 2812 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddanı müdafiə edərək bildirmişdir ki, Cavabdeh "xxxx" MMC ilə 05.09.2019-cu il tarixli, 29.12.2019-cu il tarixli və 24.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********30220 Samsung galaxy A10 markalı telefon, İMEİ kodu **********49832 Samsung galaxy A10 markalı telefon və Samsung markalı televizor almış və nəticədə 2812 manat borcu yaranmışdır. 05.09.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 312 manat (12 ay x 26 manat) olan İMEİ kodu **********30220 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 67 manat olmaqla ondan, 52 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu; 29.12.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 324 manat (12 ay x 27 manat) olan İMEİ kodu **********49832 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 175 manat olmaqla ondan, 135 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 24.03.2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 2749.8 manat (24 ay x 97.7 manat, 405 manat ilkin ödəniş) olan Samsung markalı televizor üçün ümumilikdə 2570 manat olmaqla ondan, 2249.8 manat ödənilməmiş hissə, 320.2 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 949 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.12.2019-cu il tarixli 01172783 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 324 manat olan İMEİ kodu **********49832 Samsung galaxy A10 markalı telefon üçün ayda 27 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 29.12.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 31.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 31 tarixində ayda 27 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 05.09.2019-cu il tarixli 00891045 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 312 manat olan İMEİ kodu **********30220 Samsung galaxy A10 markalı telefon üçün ayda 26 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış 05.09.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 15.10.2019-cu il tarixdən 15.09.2020-ci il tarixədək 12 ay ərzində hər ayın 15-də tarixində ayda 26 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 24.03.2020-ci il tarixli 20200253 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən cəmi qiyməti 2749.8 manat olan Samsung markalı televizor üçün ayda 97.7 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 22.04.2020-ci il tarixdən 22.03.2022-ci il tarixədək 24 ay ərzində hər ayın 22-də tarixində ayda 97.7 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.09.2019-cu il tarixli müqavilə üzrə 260 manat ödənilmiş məbləğ, 52 manat ödənilməmiş hissə, 15 manat cərimə, ümumilikdə ödənilməmiş məbləğ 67 manat, 29.12.2019-cu il il tarixli müqavilə üzrə 189 manat ödənilmiş məbləğ, 135 manat ödənilməmiş hissə, 40 manat cərimə, ümumilikdə 175 manat ödənilməmiş məbləğ, 24.03.2020-ci il il tarixli müqavilə üzrə 500 manat ödənilmiş məbləğ, 2249.8 manat ödənilməmiş hissə, 320.2 manat cərimə, ümumilikdə 2570 manat ödənilməmiş məbləğ, cəmi 2812 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının həmin müqavilələr üzrə yaranmış borcu cavabdehdən tələb hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə pulu azaldılaraq 05.09.2019-cu il tarixli müqaviləyə əsasən 2 manat, 29.12.2019-cu il tarixli müqaviləyə əsasən 3 manat, 24.03.2020-ci il tarixli müqaviləyə əsasən 10 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05.09.2019-cu il tarixli müqavilə üzrə 52 manat əsas, 2 manat cərimə, 29.12.2019-cu il tarixli müqavilə üzrə 135 manat əsas, 3 manat cərimə, 24.03.2020-ci il tarixli müqavilə üzrə 2249.8 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 2451.80 manat pulu və ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05.09.2019-cu il tarixli müqavilə üzrə 52 manat ödənilməmiş hissə, 2 manat cərimə, 29.12.2019-cu il tarixli müqavilə üzrə 135 manat ödənilməmiş hissə, 3 manat cərimə, 24.03.2020-ci il tarixli müqavilə üzrə 2249.80 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla ümumilikdə 2451 (iki min dörd yüz əlli bir) manat 80 (səksən) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 26 (iyirmi altı) manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar