Məhkəmə qərarları › İş №2(044)-1863/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1863/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1863/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə verərək Cavabdeh ona 4000 manat borcu bildirmiş və həmin 4000 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh onun inzibatçı olduğu uşaq bağçasında kiçik yaşlı uşaqlar üçün qrupda 5 il ərzində müəllimə kimi işləmiş və münasibətləri yaxşı olmuşdur. 2018-ci ilin təxminən noyabr ayında sonuncunun pula ehtiyacı olduğu üçün ondan borc pul istəmiş, o, cavabdeh 5 il müddətində bağçada onunla birgə işləyib onun yanında etibar qazandığı üçün ona güvənib 2000 manat pul vermişdir. Onların arasında olan razılığa əsasən cavabdeh aldığı 2000 manatı tam qaytaranadək hər ay həmin pulun 10%-ni, yəni 200 manat ödəniş etməli idi. O, həmin pulu verdikdən 3 ay sonra cavabdeh ondan yenə borc pul istəmiş və o, yenə də cavabdehə 1500 manat daha sonra isə yenə 1500 manat vermişdir. Bundan sonra cavabdeh ondan aldığı cəmi 5000 manat pula görə hər ay 500 manat faiz ödəməli olmuşdur. Cavabdeh 2019-cu ilin fevral ayından sonra faiz ödəyə bilməyəcəyini demiş, o, da razılaşaraq ancaq 5000 manat əsas pulun ona qaytarılmasını bildirmişdir. Bundan sonra cavabdeh 5000 manat əsas puldan hissə-hissə cəmi 1000 manat pul ödəmişdir. O, dəfələrlə cavabdehdən pulun qaytarılmasını tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə vaxt istəyərək pulu hissə-hissə qaytaracağını bildirmiş, lakin 1 ildən artıq heç bir ödəniş etməmişdir. Hazırda onun pula ehtiyacı olduğu üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, 2018-ci ilin iyun ayında iddiaçıdan ona sələmə pul tapmasını xahiş etmiş, sonuncu ona pulu tam ödəyənədək hər ay 200 manat ödəməklə 2000 manat pul vermişdir. Bundan sonra o, cavabdehdən 2018-ci ilin oktyabr ayında əlavə 1500 manat, dekabr ayında əlavə 1500 manat pul almış və cəmi 5000 manat pulu tam ödəyənədək hər ay 500 manat faiz ödəməyi öhdəsinə götürmüşdür. Lakin 2019-cu ilin fevral ayında o, işləmədiyi üçün hər ay 500 manat faiz ödəyə bilməyəcini iddiaçıya bildirmiş, sonuncu da ona faizi saxladığını, ancaq 5000 manat əsas məbləği qaytarmasını bildirmişdir. Bundan sonra o, 5000 manat əsas məbləğdən iddiaçıya 2000 manat pul qaytarmışdır. Onun hazırda iddiaçıya 3000 manat borcu var və o, 1 ildir işləmədiyi üçün həmin pulu tam ödəyə bilməmişdir. Sonda cavabdeh iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. - 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. İşin faktiki halları, tərəflərin izahatları ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan 5000 manat pul alaraq, həmin pulu hissə-hissə qaytaracağını öhdəsinə götürmüş və əsas borcundan 1000 manat pul qaytarmış, lakin 1 ildən artıqdır heç bir ödəniş etməmişdir. Cavabdeh izahatında iddiaçıya olan 5000 manat əsas borcdan 2000 manatını qaytardığını və 3000 manat borcu olduğunu bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan maddi və prosessual hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 4000 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən vəAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar