Məhkəmə qərarları › İş №2(044)-1873/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1873/2021

25.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1873/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əhmədova Leyla Nizami qızının katibliyi, İddiaçı qızının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 12.09.2005-ci il tarixdə anadan olan X5 və 13.12.2008-ci il tarixdə anadan olan X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, cavabdehdən əvvəl tutulan alimentin məbləği artırılaraq hər ay iki uşağa 352 manat olmaqla Cavabdeh onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə onun arasında 16 iyun 2004-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Onların arasında olan nikah pozulmuş, uşaqların saxlanması üçün cavabdehdəmn hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat aliment tutulması qət edilmişdir. Cavabdeh alimenti heç vaxt vaxtında ödəməmişdir. Hazırda böyük oğlunun 16 yaşı, qızının isə13 yaşı var, onlar məktəb yaşlıdırlar. O, uşaqları saxlamaqda çətinlik çəkir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.03.2021-ci tarixdə 2(044)-464/2021 saylı qətnaməsi ilə təyin edilmiş iki uşaq üçün 240 manat miqdarında alimentin məbləği olduqca azdır uşaqların heç bir təlabatının ödənilməsinə çatmır. Uşaqlar məktəbdə oxuyurlar və hazırlığa gedirlər, ona görə də məsrəfləri yetərincə artır. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, onun oğlu xəstədir, hər ay hər uşaq üçün 10 əlavə olaraq manat olmaqla cəmi 260 manat ödəməyə razıdır. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan 12.09.2005-ci il tarixdə anadan olan X5 və 13.12.2008-ci il tarixdə anadan olan X4 adlı uşaqları doğulmuşdur. - Gəncə şəhrə Nizami Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(044)-464/2021 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh Hüseynova (Abbasova) Afət Əlibayram qızının arasında 16.07.2004-cü il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində 218 saylı akt qeydi ilə bağlanmış nikahın pozulmasına, tərəflərin birgə nikahlarından 13.12.2008-ci il tarixdə anadan olmuş X4 və 12.09.2005-ci il tarixdə anadan olmuş X5 nikahın pozulmasından sonra cavabdeh Hüseynova (Abbasova) Afət Əlibayram qızının himayəsində saxlanılması, iddiaçı Cavabdeh 13.12.2008-ci il tarixdə anadan olmuş X2 və 12.09.2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmalaı üçün 29.10.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment cavabdeh Hüseynova (Abbasova) Afət Əlibayram qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay iki uşaq üçün 352 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki, əqli və sosial cəhətdən inkişafını, təhsilləri ilə bağlı xərclərin olduğunu, cavabdehin nümayəndəsinin iddianı qismən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə iddiaçının tələb etdiyi alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan az olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 5 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.03.2021-ci tarixdə 2(044)-464/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 12.09.2005-ci il tarixdə anadan olan X3 və 13.12.2008-ci il tarixdə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. İş üzrə 5 (beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar