Məhkəmə qərarları › İş №2(044)-1874/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1874/2021

18.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1874/2021 18.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.05.2021-ci il tarixdən başlayaraq Cavabdeh tutulan alimentin miqdarının artırılaraq 02.07.2014-cü il təvəllüdlü X3 və 24.03.2016-cı il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə aralarında olan nikah qeydi pozulmuş və məhkəmənin 26.02.2021-ci il tarixli qətnaməsinə əsasən onların birgə nikahından doğulmuş 02.07.2014-cü il təvəllüdlü X3 və 24.03.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay iki uşaq üçün 280 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda uşaqların 4-6 yaşları var və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği uşaqların tələbatlarının ödənilməsinə yetərli deyildir. Uşaqlardan Ayxan orta məktəbə, Sübhan isə baxçaya getdiyindən məsrəfləri də xeyli dərəcədə artmışdır. Onun isə heç yerdən gəliri olmadığından uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə uşaqları ilə maraqlanmamış və uşaqların bütün qayğılarını o, tək qarşılayır. Cavabdeh Ağdam rayonu 108 saylı tam orta məktəbdə riyaziyyat müəllimi işləyir və fərdi olaraq uşaq hazırlayır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir. O, hazırda yeni ailə qurmuşdur. Onun iddia ərizəsində göstərilən məbləği ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli 2(044)- 806/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, 02.07.2014-cü il təvəllüdlü X3 və 24.03.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat miqdarında aliment müəyyən edilmiş və hər ay cavabdeh X4 hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. 14.07.2014-cü il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 02 iyul 2014-cü il tarixdə X6 anadan olmuşdur. 04.04.2016-cı il tarixdə Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 24 mart 2016-cı il tarixdə X5 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli 2(044)-806/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 02.07.2014-cü il tarixdə anadan olmuş X3 və 24.03.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3600 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli 2(044)-806/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 02.07.2014-cü il tarixdə anadan olmuş X3 və 24.03.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat cavabdeh Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 18.06.2021-ci il tarixli 2(044)-1874/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar